"Toyxanalar küçəsi"nin görkəmi tamamilə dəyişir (FOTO+VİDEO)

"Toyxanalar küçəsi"nin görkəmi tamamilə dəyişir (FOTO+VİDEO)
15:08 16 Dekabr 2015
22 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Nizami rayonunda daha bir küçədə aparılan təmir-tikinti işləri yekunlaşmaq üzrədir.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən Trend-ə verilən məlumata görə, təmir-tikinti işləri Bəkir Çobanzadə küçəsinin Mehdi Abbasov və Rüstəm Rüstəmov küçələri arasında yerləşən hissəsində aparılır. Təmir işlərinin aparıldığı ərazinin uzunluğu 924 metr, küçənin ortalama eni isə 15 metrdir.

Təmir-tikinti işləri zamanı küçədə səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş mövcud yağış-kanalizasiya sistemi yenilənib, zəruri olan yerlərdə yeni yağış barmaqlıqları qoyulub, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq baxış qapaqları dəyişdirilib. Yeraltı kommunikasiya xətləri (qaz, su, istilik, elektrik, rabitə) yolun hərəkət hissəsindən kənara köçürülüb.

Piyadaların da rahatlığı nəzərə alınaraq, təmir-tikinti işləri çərçivəsində 1,5 metr enində yeni piyada səkiləri yaradılıb. Səkilərin kənarlarına 1800 poqon metrə yaxın yeni səki daşları düzülüb.

Təmir-tikinti işləri zamanı küçənin köhnə asfalt-beton örüyü yenisi ilə əvəzlənir. Ərazinin 2 qat olmaqla 14 min kvadratmetr sahəsinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.

Həmçinin Bəkir Çobanzadə küçəsində yolun hərəkət hissəsinin müəyyən ərazilərində genişləndirmə işləri aparılır. Bu işlər nəticəsində yolun hərəkət hissəsi 5 metrə yaxın genişləndirilir. Bu isə öz növbəsində, nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətinə müsbət təsir göstərəcək.

Müntəzəm sərnişin daşımaları ilə məşğul olan avtobuslar üçün təmir işlərinin aparıldığı ərazidə 2 ədəd xüsusi “cib”li dayanacaqların yaradılması istiqamətində də addımlar atılıb. Yeni yaradılmış avtobus “cib”lərinin uzunluğu 15 metr, eni isə 3 metrdir.

Qeyd edək ki, küçədə aparılan kompleks tədbirlər çərçivəsində cəmiyyət tərəfindən yol boyu işıqlandırma sistemi qurulur, nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə zəruri olan yerlərdə yol nişanları quraşdırılır. Daha sonra yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri də aparılacaq.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2470278.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR