Xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində tələbələrin seçimi başa çatıb

Xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində tələbələrin seçimi başa çatıb
16:13 16 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 dekabr, AZƏRTAC 
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2015-ci il üzrə qəbula dair yekun statistika açıqlanıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Dövlət Proqramı çərçivəsində son qəbul ili olan 2015-2016-cı tədris ili üzrə, bununla da ümumilikdə, Dövlət Proqramı üzrə tələbələrin seçimi başa çatıb.
Dövlət Proqramının müvəffəqiyyətlə başa çatmış sonuncu qəbul ilində 373 nəfər tələbənin adı təqaüdçülər siyahısına daxil edilib. Belə ki, builki müsabiqədə də üstünlük bakalavriatdan sonrakı təhsil səviyyələrinə verilib və 176 nəfər magistratura, 25 nəfər doktorantura, 70 nəfər rezidentura, 102 nəfəri isə baza ali tibb və bakalavriat təhsil səviyyələrində təhsil almaq hüququ qazanıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə hazırlanan və 16 aprel 2007-ci il tarixli Sərəncamı ilə təsdiq olunan “ 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” nın əsas məqsədləri ölkədə rəqabətqabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından respublikamızın müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, Azərbaycan gənclərinin layiqli ali təhsil almaları üçün lazımi şəraitin yaradılması, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin mütəşəkkilliyi və səmərəliliyinin artırılmasını təmin etməkdən ibarətdir.
Sözügedən məqsədlərin icrasının həyata keçirilməsi üçün Dövlət Proqramının icrasının 9 ili ərzində müvafiq hüquqi baza formalaşdırılıb və icra müddətində meydana çıxan məsələlər əsasında daha da təkmilləşdirilib, namizədlərə elektron şəkildə sənədləri təqdim etmə imkanı yaradılıb, onlarla fərdi qaydada keçirilən müsahibələr təşkil olunub, tələbələrin təhsil şəraitinin yaxşılaşdırılması üçün islahatlar aparılıb.
Dövlət Proqramı çərçivəsində gənclərin dünyanın aparıcı ali təhsil müəssisələrində ölkəmiz üçün prioritet hesab olunan ixtisaslar üzrə təhsil alması üçün Təhsil Nazirliyi, aidiyyəti dövlət qurumları və ali təhsil müəssisələri mütəxəssislərinin iştirakı ilə seçimlər aparılıb və ümumilikdə 3558 nəfər təhsil almaq hüququ qazanıb. Böyük Britaniya, Türkiyə, Almaniya, Kanada, Niderland Krallığı tələbələrin təhsil almaq üçün ən çox seçdikləri 5 ölkələr olub. Seçimlər nəticəsində magistratura səviyyəsində daha çox tələbə təhsil almaq hüququ qazanıb. Dövlət Proqramı çərçivəsində azərbaycanlı tələbələr Harvard Universiteti, Kembric Universiteti, Oksford Universiteti, London İmperial Kolleci, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu, Orta Doğu Texniki Universiteti, Toronto Universiteti, Nanyanq Texnologiya Universiteti, Kyoto Universiteti kimi yüksək nüfuzlu ali təhsil müəssisələrində təhsil alırlar.
İndiyədək Dövlət Proqramı çərçivəsində müvafiq məzun qeydiyyatından 1147 nəfər keçib. Təhsillərini yüksək akademik göstəricilərlə tamamlamış məzunların 60 faizi özəl, 40 faizi isə dövlət sektorunda fəaliyyət göstərir. Dövlət Proqramı çərçivəsində təhsil almış tələbələrin dövlət qulluğuna qəbul imtahanlarının birbaşa müsahibə mərhələsinə buraxılması isə əldə olunan bilik və səriştənin dövlət idarəetməsi üçün istifadə olunmasına geniş şərait yaradır.
Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində sonuncu təhsilalanın (tibb təhsilinin rezidentura səviyyəsi üzrə) 2021-ci ildə məzun olması gözlənilir.
Dövlət Proqramının icrası müddətində həyata keçirilən tədbirlər və əldə olunan nəticələr əsas prioritetlərdən biri hesab olunan “Qara qızılın insan kapitalına çevrilməsi” istiqamətində görülən işlərə təkan verir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Xaricde_tehsil_uzre_Dovlet_Proqrami_cherchivesinde_telebelerin_sechimi_basa_chatib-911725

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR