Gəncənin tarixini yaşadan abidələr (FOTO)

Gəncənin tarixini yaşadan abidələr (FOTO)
16:48 16 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Gəncə qədim tarixi, zəngin mədəniyyəti ilə yanaşı, özünə xas memarlığı ilə də seçilir. Şəhər ərazisində olan qədim tikililərə nəzər saldıqda onların əksəriyyətinin dördkünc qırmızı kərpicdən inşa edildiyini görmək olar. Xüsusilə də qədim türbələrin...

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, türbələr görkəmli şəxslərin məzarları üzərində ucaldıldığından onları, əsasən, qədim qəbiristanlıqda görmək olar. Günümüzədək gəlib çatan türbələrin əksəriyyəti də "Səbzikar" qəbiristanlığının ərazisindədir, lakin Gəncənin müxtəlif yerlərində də belə abidələrə rast gəlmək olar. Şəhər daxilində olan ən qədim türbələrdən biri Comərd Qəssab türbəsidir. Gəncəçayın sağ sahilində, qədim Gəncə hasarının 1 km-də inşa edilən türbə VII-VIII əsrlərə aid edilir.

Qədim türbələr sırasına Nizami Gəncəvinin məqbərəsi də daxildir. AMEA-nın Gəncə Bölməsinin Tarix-Etnoqrafiya Şöbəsinin əməkdaşı Hamlet Allahverdiyev deyib ki, bu gün gördüyümüz türbə əslində sonrakı dövrlərdə tikilib: "Nizaminin əsl türbəsi isə qırmızı kərpicdən XIII əsrin əvvəllərində tikilib".

Şəhərin mərkəzi bazarının yanında olan tikili isə "Mürsəl ocağı" türbəsidir. Abidə şəhərin Əttarlar məhəlləsindəki köhnə qəbiristanlıqda tikilib. XX əsrin ikinci yarısında məzarlıq dağıdılıb. Türbə bərpa olunaraq XX əsrə aid memarlıq abidəsi kimi qorunur.

Şəhərin Ağamirzə Əhmədov küçəsində yerləşən memarlıq abidəsi isə “Hacı Mirbağır ağa” türbəsidir. Türbə şəhərin "Toyuqçular" kimi tanınan "Tuğçular" məhəlləsində olan qədim qəbiristanlıq ərazisində inşa edilib. Günümüzdə bu ərazidə bir zamanlar qəbiristanlığın olduğunu sübut edən yeganə dəlil elə məhz bu türbədir.

H.Allahverdiyev bildirib: "1920-ci ilin may ayında Gəncə üsyanı uğursuzluqla nəticələnir. Şəhərdə komendant saatı tətbiq olunur. Şəhərə çıxmaq mümkün olmadığından Hacı Mirbağır Ağa öz evinin damından azan verərək, insanları namaza səsləyir. Bu vaxt küçədən öz tərcüməçisi ilə keçən rus hərbçisi yanındakından onun niyə qışqırdığını soruşur. Erməni olan tərcüməçi isə deyir ki, o, yerli camaatı rusları qırmağa səsləyir. Buna inanan hərbçi öz tapançası ilə onu vurur".

Gəncənin "İmamzadə" türbəsi... Şəhərin təqribən 7 kilometrliyində, qədim Gəncənin xarabalıqları yaxınlığında yerləşən tarixi memarlıq abidəsi. “İmamzadə” türbəsinin 2011-ci ildən başlayaraq yenidən qurulmasına, burada dini-memarlıq kompleksinin yaradılmasına başlanılıb. Artıq kompleksdə son tamamlama işləri aparılır.

Müxtəlif dövrlərdə inşa edilən və tarixi hadisələr fonunda dağıdılan türbələrin sayı da yetərincədir. Gəncənin bir çox görkəmli şəxsləri olub ki, bu gün onların məzarı üzərində inşa edilən türbələrdən əsər-əlamət yoxdur...

Tarixi abidələr, xüsusilə türbə və qədim məzarlıqlar bir xalqın milli kimliyini sübut edən mədəniyyət nümunələridir. Onların qorunması, dərindən öyrənilməsi və gələcək nəsillərə çatdırılması isə bizim öhdəliyimizdədir. Milli dəyərlərimizə sahib çıxaq.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/culture/2470353.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR