Türkiyə dövləti PKK terrorunun başladığı 1984-cü ildən bəri ölkənin cənub-şərqində ən iri miqyaslı antiterror əməliyyatına başlayıb. Diyarbəkir vilayətinin Silvan, Diyarbəkir şəhərinin Sur, Şırnak vilayətinin Silopi və Cizrə, Mardin vilayətinin Nusaybin rayonlarında ordu və polisin birləşmiş qüvvələri ilə sərt “təmizləmə” əməliyyatına start verilib.
İlk baxışdan qeyri-adi bir hadisənin baş vermədiyini söyləmək olar, çünki Türkiyənin aqressiv separatizmlə mübarizəsi yeni deyil, 30 ildən çoxdur PKK terroruna qarşı mübarizə zaman-zaman səngiyərək, zaman-zaman da güclənərək permanent şəkildə davam edir. Lakin istər əməliyyata cəlb olunmuş qüvvələrin kəmiyyəti və keyfiyyəti, istərsə də terrorçuların istifadə etdiyi metodlar baxımından güney-doğu şəhər və qəsəbələrinin bu dəfə xaraktercə əvvəlkilərdən fərqli bir qarşıdurmaya səhnə olduğunu görürük. “Qış təmizliyi” üçün cəmləşdirilən polis və jandarma xüsusi təyinatlılarının sayının azı 10 min nəfər olduğu bildirilir ki, bu da hərbi terminologiya ilə ifadə etsək, 2 diviziya (Türkiyə Silahlı Qüvvələrində - tuqay) həcmindədir. Onlar zirehli hərbi texnika, hətta tanklarla təchiz olunub. Hərbi helikopterlər havadan əməliyyatları nəzarətdə saxlayacaq və lazım gəldikdə müdaxilə edəcək. Bombardmançı təyyarələr isə paralel şəkildə dağlıq zonalarda, o cümlədən İraqın şimalında terrorçuların düşərgələrinə, mağaralarına, sığınacaqlarına zərbələr endirəcək, beləliklə, dağdakı qruplarla düzən ərazilərdə və şəhərlərdə mövqe tutmuş terrorçular arasında hər hansı əlaqə tamamilə əngəllənəcək. Daha bir önəmli məqam isə yerli əhalinin bir qisminin dövlət tərəfindən köçürülməsi (məsələn, müəllimlər), müəyyən hissəsinin də terrorçular tərəfindən zorla öz evlərindən çıxmağa məcbur edilməsi və beləliklə, ölkə daxilində sayı heç də az olmayan Türkiyə pasportlu məcburi köçkün kontingentinin əmələ gəlməsidir. Onların sayının təxminən 200 min nəfər olduğu barədə məlumatlar var.
Yuxarıda adları çəkilən rayon və şəhərlərdə dövlət hakimiyyəti faktiki olaraq aradan qaldırılıb və həmin yerlər terrorçuların nəzarətinə keçib. Silvan, Sur, Silopi, Cizrə, Nusaybin adları ilk baxışdan heç nə deməyə bilər, lakin əhalisi 90 minə yaxın olan Silvan istisna olmaqla, digərləri 100 mindən çox əhali sayına malik iri yaşayış məntəqələridir. Başqa önəmli detal isə bu zonanın Suriya və İraqsərhədlərinə yaxın olmasıdır. Hazırda regionda cərəyan edən hadisələr və Türkiyənin bu bölgədə proaktiv siyasət yeritdiyi nəzər alınsa, İraq-Suriya sərhəd zolağının indiki məqamda Ankara üçün strateji önəmi asanlıqla anlaşılar. Türkiyə - İraq sərhədindəki Habur gömrük-buraxılış məntəqəsi də məhz Silopidə yerləşir ki, bu sərhəd qapısı vasitəsilə qurulan əlaqələr, həyata keçirilən ticarət istər Türkiyə iqtisadiyyatı, istərsə də dövlətin regional və ümumu geosiyasi maraqları baxımından həyati əhəmiyyətə malikdir. Hazırda Habur qapısı hərbi əməliyyatlar səbəbi ilə müvəqqəti bağlanıb.
Terrorçulardan təmizlənən məhəllələrdə daimi polis bölmələri yaradılaraq PKK-nın bir daha bu ərazilərə dönüşünə yol verilməyəcək. Əməliyyatlar başa çatdıqdan sonra dağıdılan evlər, iş yerləri dövlət tərəfindən bərpa edilərək öz sahiblərinə təqdim olunacaq. Lakin Türkiyə terrorla yaşamağa davam edəcək...