Çövkən oyunu üzrə seçmə yarışların ilk günü üç komanda növbəti mərhələyə çıxıb

Çövkən oyunu üzrə seçmə yarışların ilk günü üç komanda növbəti mərhələyə çıxıb
18:28 16 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Şəki, 16 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Dekabrın 16-da Şəkinin Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində Prezident Kuboku uğrunda X çövkən milli oyunu üzrə yarışlara start verilib.
AZƏRTAC xəbər verir ki, dekabrın 21-dək davam edəcək yubiley yarışlarında Bakı, Şəki və Yevlax şəhərlərini, Ağcabədi, Ağdam, Ağstafa, Balakən, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, İsmayıllı, Qax, Qazax, Qəbələ, Laçın, Oğuz, Samux, Şəmkir, Tərtər, Tovuz və Zaqatala rayonlarını təmsil edən 24 komanda mübarizə aparır.
Yarışların ilk günü çövkən üzrə seçmə oyunlar keçirilib. İlk olaraq meydançaya Zaqatala və Tərtər komandaları çıxıb. Qarşılaşmanın əsas və əlavə olunan vaxtı qolsuz bərabərliklə başa çatıb. Penalti zərbələrini daha dəqiq yerinə yetirən Tərtər komandası 2:1 hesabı ilə qalib gəlib. Digər qarşılaşmalarda aşağıdakı nəticələr qeydə alınıb:
Göygöl-Tovuz 1:0, Qazax-Şəmkir 1:0.
Tərtər komandası növbəti oyununu Xaçmaz komandası ilə keçirib və 2:1 hesabı ilə üstün olub.
Qalib komandalar çövkən oyunu üzrə yarışları davam etdirəcək, uduzan komandalar isə güc sınağı yarışlarında mübarizə aparacaq.
Dekabrın 17-də Respublika Atçılıq Turizm Mərkəzində Prezident Kuboku uğrunda X çövkən milli oyununun rəsmi açılış mərasimi keçiriləcək.
Qeyd edək ki, 10 il əvvəl yaradılan Respublika Atçılıq Turizm Mərkəzində Prezident Kuboku uğrunda milli atüstü oyunların keçirilməsi artıq ənənə halını alıb. 2006-cı ildən etibarən hər il keçirilən bu yarışlar xalqımızın mədəni irsi olan milli atüstü oyunların qorunub saxlanması və təbliği məqsədi daşıyır. Azərbaycanın çövkən oyunu 2013-cü ildə UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.






Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/CHovken_oyunu_uzre_sechme_yarislarin_ilk_gunu_uch_komanda_novbeti_merheleye_chixib-911825

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR