Sumqayıt Dövlət Universitetində “Kitabi-Dədə Qorqud” dastanlarına həsr olunan beynəlxalq elmi konfrans işə başlayıb

Sumqayıt Dövlət Universitetində “Kitabi-Dədə Qorqud” dastanlarına həsr olunan beynəlxalq elmi konfrans işə başlayıb
19:28 16 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Sumqayıt, 16 dekabr, AZƏRTAC 
Dekabrın 16-da Sumqayıt Dövlət Universitetində (SDU) “Kitabi-Dədə Qorqud” və dünya eposçuluq ənənəsi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Tədbir “Kitabi-Dədə Qorqud”un tərcüməsi və nəşrinin 200 illliyinə həsr olunub.
SDU-nun mətbuat xidmətindən AZƏRTAC–a bildirilib ki, konfransda respublikamızın bir çox ali təhsil müəssisələrinin alimləri ilə yanaşı, qardaş Türkiyədən də elm adamları iştirak ediblər.
Konfransın plenar iclasını açan rektor, professor Elxan Hüseynov Azərbaycan xalqının mədəni sərvətlər xəzinəsində müstəsna yer tutan və əsrlərdir milli mənəvi dəyərimizə çevrilən “Kitabi-Dədə Qorqud” abidəsinin əhəmiyyətindən danışdı. Bildirildi ki, “Kitabi-Dədə Qorqud” dastanı tariximiz, mədəniyyətimiz, ictimai fikrimiz, soy kökümüz və epos yaradıcılığımız haqqında zəngin xəzinədir.
Vurğulandı ki, “Kitabi-Dədə Qorqud” dastanının öyrənilməsi, dünyada geniş tanıdılması və təbliği ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər “Kitabi-Dədə Qorqud” dastanını xalqımızın varlığının mötəbər qaynağı adlandırıb, 1997-ci ildə bu dastanın 1300 illiyini keçirmək barədə Fərman imzalayıb. Məhz bu Fərmandan sonra “Kitabi-Dədə Qorqud”dastanı bir çox dillərə tərcümə olunub, ilk dəfə olaraq dastanın Azərbaycanda 2 cildlik ensiklopediyası hazırlanıb.
Qeyd edildi ki, bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” Sərəncamı bunun bariz nümunəsidir.
SDU-nun Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının professoru, Əməkdar Elm Xadimi Məhərrəm Qasımlı çıxışında bildirdi ki, “Kitabi-Dədə Qorqud” dastanına münasibət 1970-ci illərə qədər birmənalı olmayıb. Keçmiş sovetlər birliyinə xas elmi və siyasi mühitdə bu dastanların təbliği və öyrənilməsinə qadağalar qoyulub. Dastan xalqdan gizlədilir, xalqın yaddaşından silinməsinə cəhdlər göstərilirdi. Ulu öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəlişindən sonra “Kitabi-Dədə Qorqud” dastanının sistemli şəkildə tədqiqi və təbliği istiqamətində mühüm işlər görüldü. 1975-ci ildə Ümummilli Liderin tapşırığına əsasən “Dədə Qorqud” bədii filmi çəkildi, 1997-ci ildə “Kitabi-Dədə Qorqud”un 1300 illiyi haqqında” Fərman imzalandı. 1998-ci ildə UNESCO-da beynəlxalq simpoziumun təşkili isə eposun dünya miqyasında təbliği işinə böyük töhfə verdi.
Bakı Dövlət Universitetinin türk xalqları ədəbiyyatı kafedrasının müdiri, professor Ramiz Əskər vurğuladı ki, “Kitabi-Dədə Qorqud” dastanı Azərbaycan xalqının tarixi keçmişini əks etdirən möhtəşəm sənət abidəsidir. Əsərdə vətənpərvərlik, qəhrəmanlıq, müdriklik, oğuz türklərinin dünyagörüşü, mənəvi dəyərləri, adət-ənənələri, Azərbaycan toponimləri əks olunub. Dastan dilimizin incəliklərini, tarixi hadisələri və şəxsiyyətləri, xalqımızın mədəniyyətini öyrənməkdə əvəzsiz mənbədir.
SDU-nun folklorşünaslıq elmi-tədqiqat laboratoriyasının müdiri, professor Aslan Bayramov diqqətə çatdırdı ki, “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi ilə bağlı tədbirlər planına uyğun olaraq, universitetin əməkdaşlarının hazırladıqları “Ana kitabımız Dədə Qorqud” adlı məqalələr toplusu işıq üzü görüb.
Sonra Türkiyənin Ahmet Yesevi Universitetinin gənc alimi Kamil Önal çıxış edərək vurğuladı ki, “Kitabi-Dədə Qorqud” ümumbəşəri əsər olmaqla yanaşı, dəyərli mədəni irs kimi türk xalqlarının milli abidəsidir.
Beynəlxalq konfrans işini dekabrın 17-də bölmə iclaslarında davam etdirəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sumqayit_Dovlet_Universitetinde_Kitabi_Dede_Qorqud_dastanlarina_hesr_olunan_beynelxalq_elmi_konfrans_ise_baslayib-911858

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR