Antonius Bruk: Azərbaycan ilə BMT-nin strukturları arasında əlaqələrin inkişafı məmnunluq doğurur

19:33 16 Dekabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 dekabr, AZƏRTAC
Xarici işlər naziri Elmar Məmmədyarov fəaliyyətinin başa çatması ilə əlaqədar BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, BMT İnkişaf Proqramının rezident nümayəndəsi Antonius Bruk ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Elmar Məmmədyarov BMT İnkişaf Proqramının rezident nümayəndəsi kimi fəaliyyəti müddətində Azərbaycan və BMT strukturları arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə A.Bruka təşəkkürünü ifadə edib. Müstəqilliyinin ilk illərindən Azərbaycan və BMT sistemi arasında faydalı və hərtərəfli əməkdaşlığın qurulduğunu deyən nazir ölkəmizin BMT çərçivəsində siyasi dialoq və praktiki əməkdaşlıqda fəal iştirak etdiyini bildirib. O, Azərbaycanın BMT-nin seçkili orqanlarında iştirak etməklə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin yerinə yetirilməsinə öz töhfəsini verdiyini diqqətə çatdırıb. Bu xüsusda, Azərbaycanın 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsi naminə məhsuldar fəaliyyətini qeyd edib.
Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinə dair BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrin tələblərinin Ermənistan tərəfindən yerinə yetirilməsinin vacibliyini vurğulayıb.
Antonius Bruk fəaliyyəti dövründə ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib, həmçinin Azərbaycan ilə BMT-nin əsas orqanları və ixtisaslaşmış təşkilatları arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edib.
Nazir Elmar Məmmədyarov Antonius Bruka gələcək fəaliyyətində uğurlar arzu edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Antonius_Bruk_Azerbaycan_ile_BMT_nin_strukturlari_arasinda_elaqelerin_inkisafi_memnunluq_dogurur-911864

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR