Ermənilərin Türküstanda və Cənubi Qafqazda törətdikləri soyqırımına dair kitab nəşr olunub

Ermənilərin Türküstanda və Cənubi Qafqazda törətdikləri soyqırımına dair kitab nəşr olunub
20:03 16 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+



Daşkənd, 16 dekabr, AZƏRTAC
Daşkənddə özbək tədqiqatçısı Şuxrat Barlasın “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlər. Daşnaklar Qarabağdan Fərqanəyə qədər” adlı kitabı nəşr edilib.
Tarixi faktlarla və arxiv materialları ilə zəngin olan kitabın nəşri Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Azərbaycanın Özbəkistandakı səfirliyinin birgə layihəsi ilə reallaşıb.
Kitabda böyük regional dövlətlərin öz geosiyasi məqsədlərinə çatması üçün erməni amilindən istifadə etməsi, Türküstanda, həm də Cənubi Qafqazda, Kiçik Asiyada türk etnosuna qarşı aparılan soyqırımı siyasəti tarixi faktlarla sübut olunur.
Nəşrdə 1918-ci ildə Rus imperiyasının Türküstana yürüşü zamanı onlarla birgə Orta Asiyaya gələn daşnakların yerli əhaliyə amansız divan tutması, Fərqanə, Kokand, Xivə şəhərlərində və Buxara əmirliyində baş verən dəhşətli faciələr geniş işıqlandırılır.
Ş.Barlas yazır ki, məhz Türküstanda törədilən bu hadisələrlə paralel olaraq 1918-ci ilin mart ayında Azərbaycanda da eyni səpkili soyqırımıları törədilib. O, bu siyasətin məqsədli və sistemli şəkildə həyata keçirildiyini vurğulayır.
Müəllif ilk dəfə olaraq tarixi mənbələr və faktlarla sübut edir ki, “Daşnaksütyun” partiyasının Türküstanda insanlığa qarşı törədilən dəhşətli cinayətləri nəticəsində ümumilikdə 1 milyon 700 mindən artıq özbək və digər türkdilli əhali məhv edilib.
Kitabda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də bəhs olunur, ermənilərin ölkəmizə qarşı ərazi iddiaları irəli sürməsi tutarlı faktlarla ifşa edilir, tarixi Azərbaycan torpağı olan İrəvan xanlığının əsasında Ermənistan adlı dövlətin yaradıldığı vurğulanır.
Əsərdə Qərbi Azərbaycan torpaqlarının ermənilər tərəfindən zəbt olunduğu bildirilir, Dağlıq Qarabağın və bu əraziyə aidiyyəti olmayan yeddi Azərbaycan rayonunun Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğu diqqətə çatdırılır, habelə erməni təcavüzünün ağır nəticələri haqqında məlumat verilir.
Ermənilərin türk xalqlarına qarşı törətdikləri cinayətlərdən və soyqırımı siyasətindən bəhs edən bu qiymətli əsər Orta Asiyada bu mövzuda yazılan ilk tədqiqat işidir.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ermenilerin_Turkustanda_ve_Cenubi_Qafqazda_toretdikleri_soyqirimina_dair_kitab_nesr_olunub-911880

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR