Neft oyunu: Səudiyyə və ABŞ rəqib olacaqlar

Neft oyunu: Səudiyyə və ABŞ rəqib olacaqlar
21:32 16 Dekabr 2015
45 Digər
Ölkə mətbuatı
A- A+

"Hazırkı dünya bazarında neftin qiymətinin aşağı düşməsinin və yaranmış kritik vəziyyətin real səbəblərindən biri bazarda artıq məhsulun, izafi neft həcminin mövcudluğu, yəni təklifin tələbi üstələməsidir. Amma bilmək lazımdır ki, hazırda dünya neft bazarında tələb də, təklif də bir dövlətin - ABŞ-ın əlindədir. ABŞ da öz daxili bazarını əsas götürərək dünya bazarında neftlə əlaqədar istənilən oyunu oynayır. Başlıca hədəf isə siyasi xarakter daşıyır".

Bunu iqtisadçı-ekspert Pərviz Heydərov Milli.Az-a neftin dünya bazarlarındakı qiymətinin düşməsi tendensiyası ilə bağlı vəziyyəti şərh edərkən deyib.

Ekspertin fikrincə, bu məsələdə ABŞ-ın əsas müttəfiqi qismində çıxış edən Səudiyyə Ərəbistanının da mühüm rolu var. Lakin bu iki ölkə arasında müəyyən gizli rəqabət də mövcuddur: "Bu gün bu ölkələrin neft siyasəti üst-üstə düşsə də, ABŞ-da şist neftinin hasilatı, eləcə də bu ölkədə neft texnologiyalarının təkmilləşməsi və s. amillər kral Səud ailəsində təşviş doğurur. Hazırda dünyada ən ucuz neft Səudiyyə Ərəbistanında çıxarılır, amma texnoloji cəhətdən ABŞ günbəgün neft hasilatında maya dəyərini aşağı salır. Bu isə Səudiyyədə qıcıq yaradır.



Bu gün onlar müttəfiq olsalar da, sabah aralarında real rəqabət yaransa, Səudiyyəyə ən böyük rəqib elə ABŞ-ın özü olacaq. ABŞ dünyada can atdığı siyasi məqsədlərinə nail olduqdan sonra öz iqtisadi maraqları baxımından Səudiyyə Ərəbistanını da bazardan vurub çıxarmaq fikrindədir. Amma kral Səud ailəsi bunu görür. Ona görə də neftin qiymətinin aşağı salınmasında Səudiyyə Ərəbistanı daha çox maraqlıdır".

İqtisadçı hesab edir ki, İranın üzərindən sanksiyalar götürüldükdən sonra bu ölkənin dünya bazarlarına satışa çıxardığı neftin həcmi əslində qiymətlərə ciddi təsir etməyəcək: "Çünki İran onsuz da hətta sanksiyaların mövcud olduğu dövrdə də Çinə, Hindistana və digər ölkələrə neft satırdı. İndi söhbət İranın itirilmiş Qərb, xüsusə Avropa bazarına çıxmasından gedə bilər ki, bu da qiymətlərə əhəmiyyətli təsir göstərməyəcək".

Qeyd edək ki, 2 gün öncə dünya bazarında 37 dollaradək düşən 1 barel neftin qiyməti hazırda 38-39 dollar arasında dəyişir.

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/390664.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR