Terrora qarşı İslam ittifaqı, yoxsa nifaqı?

Terrora qarşı İslam ittifaqı, yoxsa nifaqı?
22:17 16 Dekabr 2015
15 Ölkə
Ölkə mətbuatı
A- A+

Suriya böhranı daha bir hərbi ittifaqın yaranmasına gətirib çıxardı. ABŞ-ın başçılıq etdiyi 65 ölkədən ibarət koalisiya sırasına "Terrora qarşı İslam ittifaqı" da əlavə olundu. Bu ittifaqın üzvlərinin sayı isə hələlik 34 ölkədən ibarətdir. İndoneziya başda olmaqla 10-dan artıq dövlət isə ittifaqa dəstək verib.

İttifaqa rəhbərlik edən Səudiyyə Ərəbistanının müdafiə naziri Məhəmməd bin Salman məqsədlərinin bütün terror təşkilatlarına qarşı mübarizə olduğunu açıqlasa da, ittifaqın üzv ölkələrinin tərkibi və onun yaranma tarixi bir çox şeydən xəbər verir.

Əvvəla, ittifaqa İraq və ən önəmlisi, İran daxil deyil. İransız isə hər hansı İslam ittifaqından danışmaq olmaz. Mərkəzi ər-Riyadda yerləşən birliyə daxil olan dövlətlərin əksəriyyətində sünni əhali üstünlük təşkil edir. Buna görə də ittifaqı İrana qarşı yaradılmış "sünni birliyi" kimi təqdim edənlər var.

Lakin nəzərə almaq lazımdır ki, İslam ölkələrinin əksəriyyətində sünni məzhəbi hakimdir və yalnız İran şiə dövlətidir. Buna görə də istər-istəməz "sünni ittifaqı" yaranır. Bununla belə, ittifaqın İranın maraqlarına xidmət etməyəcəyini əminliklə söyləmək olar.

Ən azından, İranla bu blokun üzvləri arasında bir sıra təşkilatları terror təşkilatı kimi tanıyıb-tanımamaq baxımından fikirayrılıqları var. Məsələn, rəsmi Tehran "Hizbullah"ı terror təşkilatı kimi tanımasa da, bəzi Körfəz ölkələri onu terror təşkilatı kimi qəbul edir.

Başqa bir misal. Səudiyyə Ərəbistanının başçılıq etdiyi daha bir koalisiya Yəməndə İranın dəstəklədiyi husiləri üsyançı adlandıraraq onlara hava zərbələri endirir.

Digər maraqlı bir məsələ: İttifaq Türkiyənin terror təşkilatı kimi tanıdığı PKK-ya və onun Suriyadakı qanadına qarşı hərbi əməliyyat keçirəcəkmi?

Ümumiyyətlə, Salman bin Əbdüləziz əs-Səud Səudiyyə Ərəbistanı Kralı seçildikdən sonra məmurların "cavanlaşması" siyasətini yürüdür. Bunu regionda baş verən proseslər diktə edirdi. Gənc Məhəmməd bin Salmanın müdafiə naziri təyin edilməsi də təsadüfi deyil. Artıq bölgədə hərbi yolla da olsa, maraqları təmin etmək lazımdır.

ABŞ ittifaqa dəstək verib, Rusiya isə susur. Ağ Ev dəfələrlə Körfəz ölkələrini, o cümlədən Türkiyəni İŞİD-lə fəal mübarizə aparmağa çağırmışdı. Üstəlik, ABŞ Prezidenti Barak Obama daha əvvəl bildirmişdi ki, ölkəsi İraq və Əfqanıstan hərbi əməliyyatlarından nəticə çıxarıb və daha bir ölkəyə quru qoşunları çıxarmaq niyyətində deyil.

Bu səbəbdən Yaxın Şərq regionu üçün əsas təhlükə mənbələrindən biri olan terrorçuluqla fəal mübarizəni bölgə ölkələri aparmalıdır. Obamanın açıqlaması və ittifaqın yaradılması Suriya və İraqdakı terror qruplaşmalarına qarşı qurudan hərbi əməliyyatların yalnız bölgə ölkələrinin iştirakı ilə aparılacağına işarədir.

Regionda söz sahibi olan Türkiyə və Səudiyyə Ərəbistanı Suriya Prezidenti Bəşşar Əsədin getməsini istəyir. İranın və Rusiyanın buna qarşı çıxması və sonuncunun aktiv hərbi yola əl atması Ankara və ər-Riyadın planlarını alt-üst edir.

Məhəmməd bin Salman yalnız İraq və Suriyanın qanuni hökumətləri ilə razılaşdırıldıqdan sonra terror təşkilatlarına qarşı mübarizə aparılacağını qeyd edib. Çətin ki, İranyönümlü olan İraq hakimiyyəti belə bir razılıq versin. Türkiyənin Mosula qoşunlarını göndərməsi ilə bağlı Bağdad-Ankara arasında yaranmış qalmaqal buna bariz nümunədir.

Ancaq Suriyada bunu Əsəddən icazə almadan etmək olar. İttifaq İŞİD-ə qarşı mübarizə apararaq "Azad Suriya Ordusu"nun irəliləməsinə nail ola bilər. Bu, ittifaqa qoşulmuş Türkiyənin də marağındadır. İttifaq, ilk növbədə, Əfqanıstan və Pakistanda daha aktiv fəaliyyətdə ola bilər. Birliyin irimiqyaslı əməliyyatlar aparacağı inandırıcı deyil, o, lokal əməliyyatlarla kifayətlənəcək.

Türkiyənin Baş naziri Əhməd Davudoğlu Ankaranın ittifaqa qoşulmasını şərh edərkən bildirib ki, birlik İslam ölkələrinin terrorun əleyhinə olduğunu göstərir. Türkiyənin Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyaya qoşulması ittifaqın o qədər də təsiredici mexanizmlərinin olmadığını göstərir. Çünki Türkiyənin regionda öz milli maraqları var və bu maraqların ittifaqa üzv olan Misirlə birlikdə həyata keçirilməsi çətin məsələdir.

İttifaqın hərbi olması bölgədə silahlanmanı artıracaq. Bu isə ABŞ-ın xeyrinədir. ABŞ Yaxın Şərqdə silah satışında Rusiyanın imkanlarını azaldacaq. Çünki bu ittifaq daha çox ABŞ-ın maraqlarına xidmət edir.

Hələlik ittifaq terrorçuluqla necə mübarizə aparacağını açıqlamayıb. Ortada yalnız kağız üzərində ittifaq var, konkret hədəflər və planlar yoxdur. İstənilən halda regionu təhdid edən terrorçuluqla mübarizədə ittifaqın yaradılmasını alqışlamaq lazımdır. Lakin bu ittifaq hərbi ilə yanaşı, başqa yönümlü də olmalıdır.

Terrorçuluğun kökünü yalnız hərbi yolla kəsmək mümkün deyil. İslam dövlətləri bir-birilərinə qarşı münasibətlərini yenidən nəzərdən keçirməli, məzhəb davasını İslamdan üstün tutmamalıdırlar. Digər tərəfdən, İslam coğrafiyasında ağır sosial problemlər həll edilməli, elmin inkişafı prioritet seçilməlidir.

Məftun Salmanov,

Trend


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/390832.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR