Səməd bəy Mehmandarovun yubileyinin qeyd edilməsi gənc nəslin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır

08:18 17 Dekabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 17 dekabr, AZƏRTAC
Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri, general Səməd bəy Mehmandarovun anadan olmasının 160 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı Sərəncama əsasən dekabrın 16-da Şuşa Rayon İcra Hakimiyyətində Səməd bəy Mehmandarovun 160 illik yubileyi qeyd edilib.
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi İdarə Heyətinin sədri Bayram Səfərov çıxış edərək Səməd bəy Mehmandarovun rəşadətli döyüş yolundan bəhs edib. Bildirib ki, şanlı döyüş ənənələri ilə zəngin olan milli tariximizin öyrənilməsi, görkəmli sərkərdələrimizin yubileylərinin keçirilməsi həm ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə, həm də hazırda dövlətimizin başçısının fəaliyyətində prioritet istiqamətlərindən biridir. O, General S.Mehmandarovun erməni təcavüzünə qarşı mübarizə tarixində Qarabağın mühüm strateji əhəmiyyətli nöqtələrində - Xankəndidə, Şuşada, Tərtərdə, Ağdamda, Əsgəranda Azərbaycanın qoşun hissələrinin yerləşdirilməsindəki, onlara həvalə edilmiş postların möhkəmləndirilməsindəki, döyüşlərin idarə olunmasındakı müstəsna xidmətləri barədə danışıb.
Gənc nəslin vətənpərvərlik tərbiyəsinə toxunan B.Səfərov qeyd edib ki, bu gün torpaqlarımızın azadlığı problemi qarşımızda durduğu bir məqamda gənc nəsil hərb tariximizi, dərindən öyrənib təhlil etməli, lazımi nəticələr çıxarmalı və hərbçi kimi şərəfli bir peşəyə yiyələnmək istəyini gerçəkləşdirməlidirlər. Xalqımızın fəxri olan görkəmli dövlət xadiminin keçdiyi döyüş yolu bugünkü gənc nəsil üçün əsl məktəbdir.
Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, Ali Hərbi Məktəbin məzunu, 6 nömrəli orta məktəbin hərbi rəhbəri Asəf Məhərrəmov çıxışlarında general Səməd bəy Mehmandarovun mənalı ömür yolu və xidmətlərindən söz açıb, Azərbaycan Xalq Cümhuriyyəti dövründə hərbi nazirliyin mövcud olduğu il yarım ərzində Azərbaycan Ordusunun real qüvvəyə çevrilməsində igid sərkərdənin hərbi və mənəvi keyfiyyətlərinin böyük rol oynadığını diqqətə çatdırıblar. Vurğulanıb ki, müharibə şəraitində yaşadığımız indiki dövrdə bu cür sərkərdələrin yubileylərinin dövlət səviyyəsində təşkili mühüm əhəmiyyət kəsb edir və gənc nəslin vətənpərvərlik tərbiyəsində xüsusi rol oynayır.
Sonra Səməd bəy Mehmandarov haqqında film nümayiş etdirilib.
Şuşa şəhər 9 nömrəli məktəbin şagirdlərinin ifasında səslənən şerlər tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Semed_bey_Mehmandarovun_yubileyinin_qeyd_edilmesi_genc_neslin_vetenperverlik_terbiyesinde_muhum_rol_oynayir-911923

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR