Mağazalarda aldanmamağın yolları

Mağazalarda aldanmamağın yolları
12:16 17 Dekabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+

Məhsul alarkən aldanmamaq üçün nə etmək lazımdır?

Hər birimiz gün ərzində müəyyən miqdarda məhsul istehlak edirik. Günbəgün müasirləşən, qloballaşan dünyada istehsalçılar məhsulun keyfiyyətindən tutmuş, vizual görünüşünə qədər ona diqqətlə yanaşır, onu təkmilləşdirir, alıcıların zövqünü oxşamağa çalışırlar. Ancaq, çox əfsuslar olsun ki, bəzi hallarda biz bunun əksinin də şahidi oluruq. Bəzən alıcılar çox asanlıqla istehsalçıların, belə deyək, tələsinə düşürlər. Bu yazıda bu cür avantüralara uymamağın çox sadə yollarından biri ilə tanış olacağıq.

Bazarlıq zamanı marketdə eyni növ məhsulun bəzən onlarla növünə rast gəlmək olar. Çox vaxt biz bu markaların mənşəyi – hansının hara istehsalı olduğu haqda məlumatsız oluruq. Çox tez-tez olur ki, məhsulun özü yerli olsa da, adı, vizual görünüşü ilə daha çox “xarici marka”nı oynamağa çalışır. Məhsulu əlimizə alıb üzərini oxuduqda isə bir neçə dildə tərkibinin yazılması və s. alıcılarda malın xarici mənşəli olmasına inamı daha da artırır.

Bəs bu cür hallardan necə yayınmaq olar?
Əslində, məsələ çox sadədir. Malın hansı ölkə qeydiyyatında olduğunu öyrənmək üçün məhsulun adına, loqosuna (etiketi), tərkibinə deyil, barkoduna və istehsal ölkəsinə baxmaq kifayət edir. Bu haqda bir az daha ətraflı danışaraq məlumatı olmayanlar üçün qısa arayış vermək istərdik.

Barkod nədir?
Barkodun 1949-ci ildə ABŞ-da yaranması və ilk barkodun yumru olması kimi faktlardan danışmaq istəmirik. Nəzərinizi sırf barkodun üzərindəki bir çoxlarımız üçün anlaşılmaz olan rəqəmlərə cəmləmək istərdik.
Müasir barkodlar, adətən, EAN-13 adlanan kodlaşdırma ilə nömrələnir. Burada 13 rəqəm olur ki, onlar da 4 ayrı məlumatı daşıyan hissəyə bölünür.



1.Bir məhsulun hansı ölkəyə aid olduğunu məhz barkodun ilk üç rəqəmi vasitəsilə bilmək olar. Bu rəqəmlər məhsulun istehsalçısının ölkə kodunu təsvir edir.
2.Növbəti dörd rəqəm istehsalçının kodunu müəyyən edir.
3.Barkodun 3-cü hissəsini təşkil edən beş rəqəmlik kombinasiya məhsulun kodunu bildirir.
4.Sonuncu hissə, yəni tək rəqəmlik nömrə isə kontrol rəqəmi adlanır. Bu, barkodun EAN alqoritmi üzrə skanner vasitəsilə oxunması üçündür.

Bəzi ölkələrin barkodları:
Azərbaycan 476 / ABŞ 000-139 arası / Rusiya 460-469 arası / Çin 690-695 arası /
Almaniya 400-440 arası / Yeni Zelandiya 940-949 arası.

Misal üçün, marketlərimizdə satılan “WESTGOLD” və “Golden Crown” kərə yağlarının qablaşdırmasının üzərindəki barkoda nəzər yetirdikdə bu məhsulların üzərindəki barkodun ilk üç rəqəmlərinin 942 olduğunu görəcəyik ki, bu da öz növbəsində malın həqiqətən də Yeni Zelandiyada istehsal olunduğunu və qablaşdırıldığını bildirir.



Bəzən barkodlar görməyə öyrəşdiyimiz standart formasından fərqlənə də bilərlər. Bu kimi hallarda çaşmaq lazım deyil, bəzi malların üzərində dizaynerlər barkodlar vasitəsilə öz məharətlərini göstərə bilərlər.

Növbəti dəfə mənşəyindən şübhə etdiyiniz məhsulu əlinizə götürdükdə üst tərəfindəki yazıya aldanmayın, tam əmin olmaq üçün məhsulun arxasındakı istehsal olunduğu ölkəni və barkodunu yoxlamağı unutmayın.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367492

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR