Bakı, 17 dekabr, AZƏRTAC
Azərbaycan Tibb Universitetində (ATU) “QİÇS-lə mübarizə” adlı aksiya keçirilib.
Respublika QİÇS-lə Mübarizə Mərkəzi və ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə baş tutan aksiyada tələbələr bu xəstəlik barədə məlumatlandırılıblar. Həmçinin universitetin 450-yə yaxın tələbəsi İİV virusuna görə ekspress testdən keçib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hər kəsə 15-20 dəqiqə ərzində İİV infeksiya daşıyıcısı olub-olmadığı barədə test cavabları təqdim edilib.
Respublika QİÇS-lə Mübarizə Mərkəzi bu cür aksiyaları Bakıda və regionlarda yerləşən ali təhsil ocaqlarında, ticarət mərkəzlərində, avtovağzallarda, dövlət və özəl sektor müəssisələrində və digər obyektlərdə keçirir. Kampaniya profilaktik və maarifləndirmə məqsədi daşıyır.