Qəza rayonunda ekoloji vəziyyətə dair ən son məlumat: hər hansı neft dağıntısı yoxdur

13:38 17 Dekabr 2015
12 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində mümkün neft dağılmalarının və yarana biləcək ekoloji fəsadların qarşısını almaq məqsədi ilə yaradılmış işçi qrup tərəfindən mütəmadi aparılan monitorinqlər dekabrın 16-da günün ikinci yarısında da davam etdirilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, monitorinqlər havadan helikopterlər, dənizdən xüsusi təchiz edilmiş gəmilər vasitəsilə aparılmış və təxminən 3 saat davam etmişdir. Qəza rayonunda hər hansı neft dağıntısı müşahidə olunmamışdır. Eyni zamanda həmin ərazidə ekoloji vəziyyətə daimi nəzarəti təmin etmək üçün orada olan monitorinq gəmisindən əldə edilən məlumatlarda da qətiyyətlə bildirilir ki, indiyə kimi “Günəşli” yatağı və “Neft daşları” ərazilərində, eləcə də onların ətrafında neft sızıntılarına dəlalət edən ləkələr qeydə alınmamışdır. Hazırda baş verə biləcək neft dağılmalarına qarşı xüsusi bonlarla təchiz edilmiş 6 gəmi hadisə yerindədir. Bonlar dağıla biləcək neftin gəmilərə doldurulması və utilizasiya üçün xüsusi məntəqələrə çatdırılması və bu yolla mümkün ekoloji fəsadların qarşısının əvvəlcədən alınması məqsədi daşıyır. Onu da qeyd etmək lazımdır ki, yanan neft quyularının söndürülməsi ilə dənizə neft dağılmaları təhlükəsi aradan qaldırılmışdır.

Xatırladaq ki, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində mümkün neft dağılmalarının və yarana biləcək ekoloji fəsadların qarşısını almaq məqsədi ilə yaradılmış işçi qrupun tərkibinə Fövqəladə hallar, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, SOCAR və BP şirkətlərinin mütəxəssiləri daxildir. Məlumat üçün bildiririk ki, “Azərkosmos” ASC, Kanadanın MDA şirkətinə məxsus “Radarsat-2” peykinin Xəzər dənizində apardığı radar tipli peyk çəkilişlərinin təsvirləri gündəlik olaraq işçi qrupa təqdim olunur.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2470733.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR