Avropa Gənclər Paytaxtının rəmzi açarı Gəncəyə gətirilib

Avropa Gənclər Paytaxtının rəmzi açarı Gəncəyə gətirilib
14:53 17 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Gəncə, 17 dekabr, Sabir Əliyev, AZƏRTAC
Dekabrın 17-də Avropa Gənclər Paytaxtının rəmzi açarı Gəncəyə gətirilib.
AZƏRTAC xəbər verir ki, Rumıniyanın Kluj Napoca şəhərindən Avropa Gənclər Paytaxtının rəmzi açarını qəbul edən Gəncənin nümayəndə heyəti şəhərin beynəlxalq hava limanında böyük təntənə ilə qarşılanıblar.
“Gəncə Avropa Gənclər Paytaxtı-2016” İctimai Birliyinin sədri Elmir Vəliyev Avropa Gənclər Paytaxtının rəmzi açarının gətirilməsi münasibətilə gəncəliləri təbrik edərək bildirib ki, bu uğur Azərbaycan Prezidenti İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğının nəticəsidir.
Sonra Gəncə Dövlət Dram Teatrının aktyorları hava limanında dahi Azərbaycan şairləri Nizami Gəncəvinin, Məhsəti Gəncəvinin, Mirzə Şəfi Vazehin və xalq qəhrəmanı Cavad xanın obrazlarını canlandırdılar. Musiqi və rəqs kollektivlərinin çıxışları oldu.
Avropa Gənclər Paytaxtının rəmzi açarı əllərində üçrəngli Azərbaycan bayraqları tutmuş gənclərin müşayiəti ilə şəhərə gətirildi. Şəhəri dolaşan avtobus karvanı nəhayət mərkəzi meydana çatdı və minlərlə gəncin iştirakı ilə açarın qarşılanma mərasimi oldu.
Sonra mərasim iştirakçıları müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə tər qərənfillər düzdülər.
Həmin gün şəhərin mərkəzi meydanında əsl bayram əhval-ruhiyyəsi yaşandı.
Beləcə Gəncə daha bir əlamətdar hadisənin şahidi oldu. Avropa Gənclər Paytaxtının rəmzi açarı Gəncəyə gətirildi.
Xatırladaq ki, Gəncə 2013-cü ildə “Avropa Gənclər Forumu”nun Yunanıstanın Saloniki şəhərində keçirilən iclasında səs çoxluğu ilə 2016-cı il Avropa Gənclər Paytaxtı seçilib.
Avropa Gənclər Paytaxtı “Avropa Gənclər Forumu”nun həyata keçirdiyi beynəlxalq layihədir. Bu Forum Avropa ölkələrinin milli gənclər şuralarının və beynəlxalq qeyri-hökumət gənclər təşkilatlarının beynəlxalq platformasıdır. “Avropa Gənclər Forumu” Avropa Gənclər Paytaxtı layihəsini ilk dəfə 2009-cu ildə həyata keçirib. Avropanın ilk seçilən gənclər paytaxtı Niderlandın Rotterdam, daha sonra İtaliyanın Turin, Belçikanın Antverpen, Portuqaliyanın Braqa, Sloveniyanın Maribor, Rumıniyanın Saloniki və Kluj Napoca şəhərləri olub. Artıq Azərbaycanın Nizami yurdu da Avropa Gənclər Paytaxtları şəbəkəsinə qoşuldu. Bununla da şəhər gəncləri bir il ərzində gənclər sahəsində həyata keçirilən proqram və layihələr haqqında məlumatı Avropa ölkələrinə nümayiş etdirmək imkanı qazanıblar.
 





Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Avropa_Gencler_Paytaxtinin_remzi_achari_Genceye_getirilib-912046

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR