Azərbaycanda super qiymətə dəfn xərcləri

Azərbaycanda super qiymətə dəfn xərcləri
14:57 17 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+

Son illərdə Azərbaycanda yas xərcləri həddən artıq artıb. Yəqin, ona görə də "ölmək yaşamaqdan baha başa gəlir" kimi məsəllər yaranır.

Mill.Az "Report"a istinadən bildirir ki, Azərbaycanda bir insanın dəfn edilməsi üçün nə qədər xərc çəkilməsi barədə araşdırma da göstərib ki, ölünün çiyinlərdə getdiyi hər addım puldur.

Bakıda dünyasını dəyişənlərin pulsuz yuyulduğu məscid, demək olar ki, yoxdur. Mürdəşirlər ölünün yuyulub-kəfənlənməsi üçün 50 manat pul alırlar. Ölü sahiblərinin xərci bununla kifayətlənmir. Onlar ölünün dəfni, 3, 7, 40, il mərasimlərinin aparılması üçün çadır kirayələməli, molla çağırmalı, qəbristanlıqda yer almalı və digər hərəkətləri məcburi qaydada keçməlidirlər.

Üz tutduğumuz "Göy" məsciddən bildirdilər ki, dünyasını dəyişmiş şəxsin yuyulması bütün kommunal xərclərlə birlikdə 50 manata başa gəlir.

"Təzə Pir" məscidində də mərhumun yuyulması 50 manata başa gəlir. Bu qiymətə kəfən istifadəsi, sidr-kafir, pambıq, kommunal xərclər daxildir. Məscidin meyitxanasında fəaliyyət göstərən meyit saxlama kamerasının bir günlük qiyməti isə 20 manatdır. Məsciddə yalnız cənazə namazının qılınması pulsuzdur.

Çadırların qiyməti isə adam sayına, böyüklüyünə və şəraitinə görə dəyişir. Burada VİP çadırın qiyməti 1500 manatdır, amma "tanışlıqla" bu qiyməti 1200 manata da endirmək olar. VİP çadırın içərisində döşəmə, kondisioner, soba, xalça və mərasim üçün zəruri olan digər bütün şəraiti olur. Maddi imkanı daha çox olanlar ofisiant, qabyuyan, aşpaz və s. də cəlb edə bilər. Bütün bu xidmətlərin qiyməti çadırın ödənişindən ayrı hesablanır.

VİP çadıra imkanı çatmayanlar üçün isə "ağ dəri" çadırı təklif edilir. Bunu bizə çadır icarəsi ilə məşğul olan Elşad deyir: "Bu çadırı sizin üçün 600 manata təşkil edərik. Ümumilikdə, 200 nəfərlik çadırın qiyməti günlük 300 manata, 100 nəfərlik isə 200 manata başa gələcək. Adi böyük çadırın qiyməti günlük 600 manatdır. Bu qiymətlər çadırın kirayəsi üçün günlük hesablanır. Yas mərasiminin birinci günündə adambaşına qiymət 5 manatdır və yalnız çay dəstgahı verilir. İkinci gündə yemək verildiyi üçün qiymət adambaşına 10 manatdan hesablanır".

Cənazəni daşıyan avtomobil üçün də ödəniş etmək lazımdır. Ölünü yuyulmağa və dəfn edilməyə aparmaq üçün avtomobil 150 manata kirayələnir. Amma yuyulma və dəfn proseslərində xidmət göstərən fəhlələrin qiyməti maşının ödənişinə daxil deyil. Fəhlələrə əlavə olaraq 120-150 manat ödənilməlidir. Mollaların xidmət haqları da səviyyəyə görə dəyişir. Amma ən yaxşı halda bir mərasimi yola vermək üçün mollaya 50 manat ödəmək lazımdır.

Daha sonra başdaşının qiyməti ilə maraqlanmaq üçün üz tutduq "Yasamal" qəbristanlığına. Qəbristanlıqda çalışan Zaur adlı şəxs qara mərmərin qiymətinin 1200 manatdan başladığını bildirdi: "Hər qəbristanlığın öz qiyməti var, qara mərmərin ekran formalı komplektinin qiyməti 1300-1350 manatdan başlayır. Qırmızı mərmərin ekran formalısı ikiqat baha başa gəlir, yəni, təxminən 2500 manatdan başlayır".

Başdaşında şəkil yerinə yonulma heykəlin qoyulması isə 6 min manatdan bahadır. Bunu da Zaur deyir: "Burada da qiymət heykəlin böyüklüyünə görə dəyişir. Çünki heykəl formalı başdaşıların qiyməti metrlə hesablanır. Təxmini standart şəkil formatında heykəlin yonulması 6 min manatdan başlayır. Bu heykəlləri AMEA-nın peşəkar heykəltəraşları hazırlayırlar. Sadə ağ mərmərdən olan başdaşıların qiyməti isə 800 manatdan başlayır. Amma bu daşlar qənd kimi olur və tez ovulduğu üçün məsləhət görülmür".

Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov "Report"a açıqlamasında təmsil olunduğu qurumun paytaxtda ümumilikdə 32 qəbristanlığa nəzarət etdiyini qeyd edib: "Bunlardan ikisi Fəxri xiyaban, ikisi Şəhidlər xiyabanı, yerdə qalanları isə şəhər qəbristanlıqlarıdır. Dünyasını dəyişmiş şəxslər üçün idarəmizin nəzarəti altında olan qəbristanlıqlarda yer pulunun qiyməti standartdır. Yəni, bir yer üçün 63 manat (qəbrin qazılması və dəfn edilməsi bu qiymətə daxildir), qeyri-müsəlman milləti üçün 79 manat (bu ödənişə tabutun qiyməti də daxildir) dövlət rüsumu ödənilir. Amma bu rüsuma materialların qiyməti daxil deyil. Qəbrin material xərcləri (2-3 kisə sement, qum, 30-50 ədəd qalın əhəng daşı) təxminən 75 manata başa gəlir".

Baş mühəndisin dediklərinə görə, kimsəsizlər yalnız "Hövsan" qəbristanlığında dəfn edilirlər: "Bu proses üçün bizim dəfn büromuz var. Bütün lazımi işləri onlar yerinə yetirirlər".

Beləliklə, təxmini qiymətləndirməmizə görə bir şəxsin dəfni 2500 - 11000 manata başa gəlir. Bu, yalnız o halda olur ki, yerpulu üçün həqiqətən də 63 manatdan artıq alınmasın...

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/391012.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR