Xalq artisti: "Yatmağa yerim yoxdur"

Xalq artisti: "Yatmağa yerim yoxdur"
12:34 30 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

Xalq artisti Arif Quliyevin Lent.az-a müsahibəsi

- İndi elə gənclər var, hələ də hansı sahəni seçəcəklərini müəyyənləşdirməyib. Gənclərin III Ümümrespublika Teatr Festivalının uğuru bundan ibarətdir ki, onların sənət yolunu müəyyən edir, yönləndirir. Festival zamanı gənclər bir-biri ilə ünsiyyət quracaq, düşüncələrini paylaşacaq, fikir mübadiləsi edəcək ki, bu da böyük əhəmiyyət kəsb edir.

- Əvvəllər gənclər tərəfindən teatra bir axın vardı. Amma son illər bu müşahidə olunmur.

- Hə, maraq bir qədər zəifləyib. Bunun da real səbəbləri var. Çünki internet, fərqli telekanallar-bunlar gəncləri daha çox cəlb edir. Məsələn, otururlar evdə, istədikləri tamaşanı, filmi internet vasitəsi ilə izləyirlər. Fikirləşirlər ki, əşi, elə durub teatra getməkdənsə, oturub evdə rahatlıqla baxıram da. Amma düşünmürlər ki, teatr canlı ünsiyyətdir. Səhnədə olan aktyorla birbaşa təmasda olmağın yerini heç vaxt internetdə izlənilən tamaşa verməyəcək. Yaxud da film. Böyük ekrandan filmi izləmək həm də estetik zövqdür axı.

- Aktyor, rejissor olmaq istəyən gənc hansı kriteriyalara malik olmalıdır?

- Bu sənətə qazanc mənbəyi kimi baxmamalıdır. Amma indiki gənclərin əksəriyyəti düşünür ki, bu peşəni seçəcəklər, sənət onları populyar edəcək, qısa vaxt ərzində efirdə tanınacaqlar, yaxşı qazanc götürəcəklər. Deyirlər təki tanınaq, sonra ya toylarda tamada olarıq, ya da reklama-filan çəkilərik. Amma sənəti ürəkdən sevən gənc fikirləşməlidir ki, teatra gəlib şedevr rollar yaradacağam, xalqım məni sevəcək. Elə özümü misal çəkmək istəyirəm. Bu sənətə gəldiyim dönəmlərdə bir də gördüm ki, cibimdə çörək almağa pulum yoxdur. Bəzən yatmağa yer tapmamışam.  Amma səhnədə oynayanda özümü şahzadə kimi hiss edirdim. Çünki bu sənətə dolanışıq yeri kimi baxmırdım. Düşünürdüm ki, mən də böyük sənətkarlardan görüb-götürəcəyəm və gələcəkdə sevilən aktyor olacağam. Zəhmət çəkmək mütləqdir. Bu səhnənin ağırlığını gərək çyinlərində hiss edəsən. Yoxsa ki, aktyor lapdan gəlib sənətkar olmur. Mən çox arzulayardım ki, festivaldan çıxan hansısa bir gənc rejissorun quruluş verdiyi tamaşada oynayım. Ciddi deyirəm.

- Festivala qatılan gənclərə sözünüz…

- Onlara demək istəyirəm ki, qalib olub-olmamalarından asılı olmayaraq, hər biri özünü qalib kimi hiss etsin. Çünki festivalda  iştirak etmək, mədəni təmas, yaradıcılıq mübadiləsi-bunlar çox əhəmiyyətlidir. Bu şəraiti onlara yaradan millət vəkili Jalə Əliyevaya da xüsusi minnətdarlıq edirəm. Çünki festivalın bir özəlliyi də bundadır ki, gəncləri narkomaniya qarşı mübarizəyə səsləyir. Bu çox önəmlidir, taleyüklü bir məsələdir. İnanıram ki, gənclərin hazırladıqları o tamaşalar gənclərdə narkomaniyaya qarşı nifrət hissini gücləndirəcək.

 

Qeyd edək ki,  Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyinin, ASSİTEJ  - Azərbaycan Milli Mərkəzinin dəstək verdiyi Festivalın ideya müəllifi millət vəkili Jalə Əliyevadır. Gənclərin Ümumrespublika Teatr Festivalına 120-yə yaxın istedadlı, yaradıcı gənc qoşulub. Festivalın informasiya dəstəyi Lent.az xəbər portalıdır.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189058

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR