Azərbaycan mərhələli devalvasiyaya əl ata bilər

Azərbaycan mərhələli devalvasiyaya əl ata bilər
17:23 17 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 17 dekabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) yeritdiyi valyuta siyasətində "üzən məzənnə" rejiminə keçid məqsədi ilə atacağı addımı yenidən nəzərdən keçirə bilər. "Report"un analitik qrupu Azərbaycanda tam sərbəst "üzən məzənnə" rejiminə keçidin hazırkı qlobal iqtisadi konyunkturda mümkün olmadığını hesab edir. 
Qazaxıstanın bu ilin avqustun 20-də "üzən məzənnə" rejiminə keçməsindən sonra tengenin dollarla müqayisədə 81% zəifləməsi və bu prosesin getdikcə xroniki hal alması Azərbaycanın atacağı addımı yenidən gözdən keçirməsinə səbəb olacaq. "Üzən məzənnə"yə keçid milli valyutanın gözlənilməyən dərəcədə qiymətdən düşməsinə səbəb ola bilər. Buna neftin qiymətinin aşağı səviyyədə qalması, Federal Ehtiyat Sisteminin uzunmüddətli uçot dərəcəsini artırmaq mərhələsinə girməsi, Çindən gələ biləcək neqativ xəbərlər və yuanın devalvasiyası və s. amillər səbəb ola bilər. "Digər tərəfdən Azərbaycanda iqtisadi artımın tempini qorumaq və maliyyə sabitliyinə nail olmaq çətindir. Neftin qiyməti 30-40 dollar/barel diapazonunda daha bir neçə il qalarsa, bu, Azərbaycanın valyuta ehtiyatlarının əriməsinə gətirib çıxaracaq. Məhz bu səbəbdən manatın növbəti devalvasiyası zəruridir". 
Qeyd edək ki, dekabr ayı ərzində Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 6 mlrd. dollardan da aşağı enib.
Manatın devalvasiyası Azərbaycanın investisiya cəlbediciliyini artıracağı birmənalıdır. Lakin nəzarət olunmayan "üzən məzənnə" rejimi Azərbaycan üçün imkansız görünür. "Üzən məzənnə" rejiminin tətbiqi manata inamın azalmasına gətirib çıxara bilər. AMB-nin nəzarətli "üzən məzənnə" rejimini tətbiq etməsi üçün çox çevik monetar siyasət alətlərinə sahib olması və bu alətlərin maliyyə bazarına təsir etməsi lazımdır. Amma uçot dərəcəsini və məcburi ehtiyat normalarını dəyişməklə bazara təsir imkanları Azərbaycan bank sektoru reallıqdan uzaqdır. AMB-nin əlində tək bir alət qalır, o da valyuta bazarına intervensiyadır. AMB valyuta bazarına çevik və zamanında müdaxilə etmək vəzifəsinin öhdəsindən gələ bilməlidir. Uzun müddət sabit bazar şərtlərinə öyrəşən Azərbaycan vətəndaşı bazarda sərt dalğalanmanı başa düşməyə və böyük zərər edə bilər. Məsələn, dolların məzənnəsinin sərt yüksəldiyini görən vətəndaş dollar alışını həyata keçirdikdən sonra, AMB-nin intervensiyası nəticəsində məzənnə sərt düşməyə başlarsa,  bu, bazar oştirakçılarının əhval-ruhiyyəsini poza bilər.
"Report"un analitikləri hesab edirlər ki, Azərbaycan üçün ən ideal variant manatın 15-20% olmaqla bir neçə dəfə devalvasiya olunmasıdır. Çünki, müəyyən qısa müddətdən sonra neftin qiyməti artmağa başlaya bilər. Bu da AMB-nin valyuta ehtiyatlarının artmasına, psixoloji maneənin aradan qalxmasına gətirib çıxaracaq. Neftin qiymətinin aşağı səviyyədə qalması şəraitində manatın 20%-lik devalvasiyası və məzənnənin 1,25 AZN/USD olması məqbul sayıla bilər. Bu, həm inflyasiyanın çox artmasına gətirib çıxarmaz, həm də valyuta borcu olanlara elə də ciddi təsir etməz. Mərhələli devalvasiyanın mənfi tərəfi isə odur ki, belə olduğu halda insanlar yeni devalvasiyanı gözləyəcək və iqtisadi artımın bərpası gecikəcək.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/azerbaycan-merheleli-devalvasiyaya-el-ata-biler-tehli-l

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR