Bahar Muradova: Kris Smitin separatçıların ABŞ-a səfərlərinə qarşı çıxması yaxşı olardı

Bahar Muradova: Kris Smitin separatçıların ABŞ-a səfərlərinə qarşı çıxması yaxşı olardı
17:43 17 Dekabr 2015
19 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev – Trend:

“Çox təəssüf ki, ABŞ-ın yüksək dövlət rəsmiləri içərisində və elə Konqresdə çoxsaylı adamlar var ki, ermənilərə sevgiləri ilə fərqlənirlər, erməni məsələsinə xidməti özlərinin siyasi fəaliyyətinin bir istiqaməti və bəlkə də bir çox hallarda əsas istiqaməti kimi götürürlər və bunu da ayrı-ayrı vaxtlarda həyata keçirmək üçün hədəf kimi daha çox Azərbaycanı seçirlər”.

Bunu Trend-ə Milli Məclisin vitse-spikeri Bahar Muradova ABŞ-ın Helsinki Komissiyasının sədri konqresmen Kris Smitin Konqresə Azərbaycanda yüksək vəzifəli məmurlara sanksiyaların tətbiq olunması ilə bağlı layihə təqdim etməsinə münasibət bildirərkən deyib.

B.Muradovanın sözlərinə görə, təəssüf ki, bu komissiyanın rəhbəri kimi K.Smit bu illər ərzində Dağlıq Qarabağın separatçı rejiminin “rəhbər”lərinin ABŞ Konqresində və digər dövlət qurumlarında dövlət rəsmiləri tərəfindən qəbul edilməsi ilə nəticələnən səfərlərinə viza qadağası qoymaq təşəbbüsü ilə çıxış etməyib: “Düşünürəm ki, bir ölkənin ərazi bütövlüyünü, suverenliyini təhlükə altına atan, separatçı hərəkətlərlə çıxış edən şəxslərin ABŞ dövlət orqanları tərəfindən qəbul olunmasına göz yummaqla Azərbaycanda guya hansısa azadlıqların, insan haqlarının pozulması ilə bağlı bəyanat vermək və qanun layihəsi təqdim etmək bir araya sığmır”.

Vitse-spiker vurğulayıb ki, bu komissiyanın Helsinki aktının və digər konvensiyaların yerinə yetirilməsi ilə bağlı vəziyyətə nəzarəti öz üzərinə götürməsi ilə bu cür qərəzli siyasət həyata keçirməsi heç bir halda mənqitə söykənmir və bu günə qədər də bizə bəlli olan səbəbdən qaynaqlanır: “Bu, "beynəlxalq erməniçiliy"ə xidmətdən qaynaqlanan bir məsələdir. Birmənalıdır ki, bütün dünyada Azərbaycana qarşı yönəlmiş qərəzli hərəkətlərin mənbəyində daha çox erməni maraqları, erməni maliyyəsi və bu maraqlara, maliyyəyə xidmət edən adamların fəaliyyəti dayanır”.

B.Muradova əlavə edib ki, çox yaxşı ki, bir çox hallarda bu kimi təşəbbüslər sona qədər gedə bilmir və ABŞ-ın ümumi siyasəti, Cənubi Qafqaz siyasəti, o cümlədən Dövlət Departamentinin və digər yüksək dairələrin Azərbaycanla bağlı siyasəti ilə uyğun gəlmədiyi üçün elə təşəbbüs olaraq da qalır.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2470914.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR