Bəstəkarlıq təhsili almış ilk azərbaycanlı qadının əsərlərindən ibarət disk buraxılacaq

Bəstəkarlıq təhsili almış ilk azərbaycanlı qadının əsərlərindən ibarət disk buraxılacaq
18:07 17 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 17 dekabr. REPORT.AZ/ Azərbaycanın əməkdar incəsənət xadimi, Üzeyir bəy Hacıbəylinin tələbəsi, bəstəkarlıq təhsili almış ilk qadın Ədilə Hüseynzadənin əsərlərindən ibarət disk buraxılacaq.
Bunu "Report"a açıqlamasında musiqişünas alim Səadət Qarabağlı bildirib.
O qeyd edib ki, gələn ilin aprelin 28-də Ədilə Hüseynzadənin 100 illik yubileyidir və bu münasibətlə mərhum sənətkarın əsərlərindən ibarət yeni musiqi diski işıq üzü görəcək: "Ədilə Hüseynzadə dahi Üzeyir bəyin sevimli tələbələrindən olub. XX əsrin 40-cı illərində Üzeyir Hacıbəylinin xeyir-duası ilə musiqi sahəsinə gəlib, 1942-1948-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının xalq musiqisi şöbəsində Üzeyir bəydən dərs alıb.1953-cü ildə təhsilini başa vurub. O, Azərbaycan Dövlət Konservatoriyasını bəstəkarlıq ixtisası üzrə bitirmiş ilk azərbaycanlı qadındır. Ədilə Hüseynzadə bir çox janrlarda uğurla çıxış edərək simfonik poema, simli kvartet, kantata, xor miniatürləri yaradıb. Lakin bəstəkarın yaradıcılığında romans janrı daha çox üstünlük təşkil edib. Milli musiqimizdə romans janrının təşəkkülündə onun özünəməxsus yeri vardır",
S.Qarabağlı bildirib ki, Ə.Hüseynzadənin Nizaminin sözlərinə yazılmış "Vəslin həvəsi" romansı Azərbaycanın vokal silsiləsinin uğurlu əsərlərindən sayılır: "Ədilə xanımın 100 illik yubileyi münasibətilə nəvəsi Səbinə Əliyeva ilə birlikdə disk buraxdırmağı düşünürük. Diskə, simli alətlər üçün kvartet, xor əsərləri, fortepiano və violençel üçün sonatino romanslar daxil ediləcək. Ədilə xanımın əsərlərini şəxsi ailə arxivindən, radionun Qızıl Fondundan və Dövlət Arxivindən əldə etmişik".
Xatırladaq ki, Ədilə Hüseynzadə 1916-cı ildə Bakıda, İçərişəhərdə anadan olub. O, Üzeyir Hacıbəylinin "Arşin mal alan" operettası əsasında 1945-ci ildə çəkilmiş bədii filmdə Asyanın vokal partiyasını səsləndirib.

Xəbərin orijinal ünvanı: http://report.az/i-ncesenet/bestekarliq-tehsili-almis-ilk-azerbaycanli-qadinin-eserlerinden-ibaret-disk-buraxilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR