"Qəbələ"nin Romanı tükənirmi?

"Qəbələ"nin Romanı tükənirmi?
21:37 17 Dekabr 2015
24 İdman
Ölkə mətbuatı
A- A+

Roman "Qəbələ"dən getsin, getməsin?


Qasım bəy Zakir bizi bağışlasın. Plagiata əl atmağa həmkarlarımın sosial şəbəkədəki statusları vadar elədi. Zakirin gorunu çatladanlar o qədərdir ki... Son vaxtlar qeyri-müəyyənlikdən səbri çatlayan “Qəbələ” fanatları qədər.


Qınamalı da deyil. Neyləsinlər? Avropa səhnəsindəki uğurlu debütün ardınca düşən tempə uyğunlaşmaq möhkəm təpər tələb eləyir. Soyuq duş effektinə davam gətirmək hər adamın işi deyil. Kubokda qazanılan böyük hesablı qələbənin eyforiyası da həmin gün Qəbələyə yağan qar kimi əriyib yox olub.


Görünən mənzərə odur ki, “Qəbələ”nin radar təhlükəsi sovuşub. Hətta yağının istifadə müddəti ötmüş mühərriklər də, bu istiqamətdə sürət həddini aşmaqdan çəkinmir.


Bu vəziyyətin nə qədər sürəcəyini Roman İosifoviç Qriqorçuk daha yaxşı bilər. O Qriqorçuk ki, artıq istefası gündəmi zəbt edib. Bir vaxtlar, onunla bağlı səsələnən "gəlsin, gəlməsin?" xitabını indi "getsin, getməsin?" əvəzləyib. Bu suala ən tutarlı cavabı ukraynalının özündən yaxşı verən tapılmayacaq. Təbii ki, susqunluqla yox. "Sözdə deyil, əməldə" prinsipinə sadiq təəssüratı bağışlayan mütəxəssis fakt qarşısındadır. Turnir cədvəlində itirilən mövqe onun mövqeyinin zəifləməsi deməkdir. 


"Qəbələ"nin zəif çıxışı istənilən qədər səbəbə calana bilər. Komandadaxili problemlərin tərkib hissəsi kimi qruplaşma, məşqçinin yerli futbolçulara ögey münasibəti, maliyyə balansının pozulması və s. göstərmək olar. Fantaziyanı işə salıb o qədər mülahizə irəli sürərsən ki... 


Əsas məsələ bu deyil. Əsas uğursuzluq zolağından yaxa qurtarıb, komandaya əvvəlki inamı qaytarmaqdır. Qarşıda kifayət qədər vaxt da var, əksər məqçilərin həsəd aparacağı taxt da. Karyerasına nəzər salsaq, baxt sarıdan da gileylənməyi günah olardı. Qalır qollarını çırmalayıb rəqib qapılarına qolları sıralamaq. 


Məncə, Qriqorçuk bunu bacarar. Ona görə də, hələlik, getsin getməsin sualının son kəlməsindən cavab kimi yararlanmağı məqbul sayıram. İşləri qaydasına salmaq olar, cənab Qriqorçuk. Başına döyəclədiyim hərfləri nizama saldığım kimi.  


sportline.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqblquotnin-roman-tuknirmi-t46224.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR