Tərlan Əhmədov: "Neftçi" ilə oyun mənim üçün prinsipial idi"

"Neftçi" - AZAL (0:1) görüşündən sonra qonaqların baş məşqçisi Tərlan Əhmədovun mətbuat konfransı keçirilib.

Əhmədov "Neftçi" ilə oyunun onun üçün prinsipial olduğunu xüsusi vurğulayıb:

"İtkilərimiz çox idi. Aleksandr Qurulinin zədəsi var, çox güman ki, son oyunda da iştirak edə bilməyəcək. Qvanzav və Nuqzar da zədədən əziyyət çəkir. Buna baxmayaraq, meydançaya çıxan futbolçular yüksək səviyyədə futbol sərgilədilər. “Neftçi”yə qarşı oyunu müdafiədən qurduq, rəqibi təhlil etmişdik. “Neftçi”nin bütün həmlələrinin qarşısını almaqla yanaşı, lazım olan qolu da vura bildik. İki gün sonra “Zirə”ni qəbul edəcəyik, həmin oyunlara hazırlaşacağıq. Şüvəlana gələn bütün məşqçilərlə görüşmüşəm, amma bu gün oyundan öncə və oyundan sonra Əsgər Abdullayevlə görüş olmadı. Aramızda heç bir inciklik yoxdur, bu həyat təcrübəsidir. Ola bilər ki vaxtilə ünvanımıza deyilən bəzi sözlərin müqabilində bu məğlubiyyət həzm olunmur.

Bizim üçün hər oyun vacibdir, amma oyun oyuna bənzəmir. Komandanı yaradanda vaxt istəmişdim və bildirmişdim ki, bunun bəhrəsini görəcəksiniz. Düzdür, müəyyən tənqidlər oldu, amma buna baxmayaraq, biz oyundan oyuna inkişaf edirik. Açığı, “Neftçi” ilə oyun mənim üçün prinsipial idi. Bu görüş futbolçuların yox, mənim prinsipim idi. Cari mövsümdə “Neftçi”ni 2 dəfə məğlub etmişik, bu bizim yox, komandanın əməyidir. “Neftçi”ni 2-1 hesabı ilə udanda rəqib düşərgədən demişdilər ki, AZAL küçə komandasıdır. Əlbəttə ki, bu sözdən sonra “Neftçi” mənim üçün prinsipial rəqib olacaq. Əgər mən bu gün AZAL-da işləyirəmsə, bu komandanın şərəfini qoruyuram. Heç kim heç kimi aşağılaya bilməz. Həmin o sözə görə biz bu gün “Neftçi”ni üstələdik və mən qisasımı aldım".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR