Fəxri Xiyabanda dəfn edilməyən ilk xalq şairi

Fəxri Xiyabanda dəfn edilməyən ilk xalq şairi
10:54 18 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Osman Sarıvəllinin 110 yaşı tamam oldu. O, sovet dövrü adlanan böyük bir epoxanın ən istedadlı, ən halal şairlərindən biri olub. Şeirlərinin səmimiliyi, dilinin saflığı və yaşadığı həyat tərzi ilə mənsub olduğu nəsil içərisində həmişə fərqlənib. Uca kürsülərdən uzaq qaçıb. Öz könül hücrəsinə çəkilərək yazdığı şeirlər dillər əzbərinə çevrilib, hətta zərbi-məsələ dönüb. Elə "Hər kim yüz il yaşamasa, günah onun özündədir" və ya " Səadət hər kəsin öz əlindədir, işində, gücündə, əməlindədir" kimi misralarını xatırlatmaq kifayətdir. Həm də bir şair kimi sözü saza qalxan şairlərin bəxtəvərlərindən olub. Artıq on illərdir onun qoşmaları, gəraylıları məclislərin yaraşığına çevrilib.
 

Mənsub olduğu ədəbi nəsil içərisində hökumətdən ən uzaqda Osman Sarıvəlli dayanıb. Buna görə də ən az mükafatlandırılan, orden-medal da alan da o olub. "Xalq şairi" adını daşıyan Osman Sarıvəlli xalqın əsl şairi idi.
 

Özündən sonrakı ədəbi nəslə böyük təsiri olub. Səməd Vurğunla bir yerdə onun da yaradıcılığı şeirlərinin axıcılığı, sadəliyi, dilinin gözəlliyi, obrazlar sistemi ədəbiyyata yeni gələn qələm adamları üçün bir örnək kimi seçilib. Bunu o dövrün gənc yazarları, sonralar isə məşhur şairlər olan Bəxtiyar Vahabzadə, Hüseyn Arif, Nəbi Xəzri və başqaları etiraf edib. Ruhu şad olmuş Akif Səməd isə O.Sarıvəlliyə belə dəyər vermişdi:
İstədim söyləyəm, hamısı yalandı,
Qoşmada at çapıb bir Osman qaga.
 

Düz 60 il bundan qabaq Osman Sarıvəllinin ən yaxın dostu olmuş böyük Səməd Vurğun isə onun 50 illiyinə gözəl bir şeir yazmışdı:
Bu, Osmanın nəfəsidir, 
Yurdumuzun öz səsidir.
O səs, o nəfəs bu gün də yaşayır, Osman Sarıvəllini yaşadır.
P.S. Osman Sarıvəlli vəsiyyət etmişdi ki, onu kənddə - vəfalı həyat yoldaşı Səyalı xanımın yanında basdırsınlar. Və Fəxri Xiyabanda dəfn edilməyən ilk xalq şairi də Osman qağa olmuşdu.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225656

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR