BANM-nin neftçi-tələbəsi Mustafa Əsgərov: "Qəhrəman neftçilərin yolunu şərəflə davam etdirəcəyik"

BANM-nin neftçi-tələbəsi Mustafa Əsgərov: "Qəhrəman neftçilərin yolunu şərəflə davam etdirəcəyik"
11:08 18 Dekabr 2015
24 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Mustafa Əsgərov Bakı Ali Neft Məktəbinin (BANM) Neft-Qaz mühəndisliyi ixtisası üzrə 3-cü kursda təhsil alır. BANM-nin İctimaiyyətlə əlaləqlər şöbəsindən Trend-ə verilən məlumata görə, SOCAR-ın “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində neftçilərin həlak olması hamını dərindən sarsıtdı.

Gələcək neftçilər olaraq BANM-in tələbələri də qəza nəticəsində həlak olanların xatirəsini dərin ehtiramla anırlar. Neftçi peşəsini seçən, həlak olan neftçilərin gələcəkdə davamçıları olmaq istəyən tələbələrdən biri də məhz Mustafa Əsgərovdur. Onunla bu mövzuda söhbətləşdik.

- BANM-də təhsil almağınız sizə nə verir? Ali Məktəb gələcəyin mütəxəssisi kimi yetişməkdə həyatınızda nə kimi rol oynayır?

- BANM-də müasir bilik və bacarıqlara üstünlük verilir. Bu təhsil ocağında təhsil almaq bizim neft mütəxəssisi kimi yetişməyimiz üçün bir vasitədir. Bizim Ali Məktəbin ən böyük üstünlüklərindən biri də odur ki, biz burada təhsil aldığımız dövrdə həm praktiki, həm də nəzəri biliklərə yiyələnirik. Eyni zamanda, buradakı təhsil bizim biliyimizi artırmaqla bərabər, həm də dünyagörüşümüzü formalaşdırır. Bizim milli və mənəvi cəhətdən inkişafımıza böyük təsir edir. Düşünürəm ki, biz burada təhsil almaqla istəyimizə nail olacaq, neftçi mühəndis olmaq arzumuza çatacağıq.

- Sizin fikrinizcə, neft sahəsi üzrə oxumağınız sizin üçün hansı imkanlar, gələcək perspektivlər vəd edir?

- Azərbaycan tarixən neft ölkəsidir. Ölkəmizdə neft və qaz sahəsinin inkişafı üçün bacarıqlı mütəxəssislərə həmişə ehtiyac var. BANM-də təhsil almaqla ölkəmizə, xalqımıza xidmət etmək mənim əsas perspektiv arzumdur. Düşünürəm ki, neft sahəsi üzrə oxumaqla mən bu perspektivlərə nail olacağam, qarşımda geniş imkanlar açılacaq.

- Neftçi mühəndis əməyinin çətinliyi, bu peşənin zəhmət tələb edən bir sahə olması sizi qorxutmur ki?

- Neftçi mühəndis peşəsi zəhmət tələb edən, çətin bir peşə olmaqla yanaşı, həm də şərəfli peşədir. Ancaq insan öz işini, peşəsini sevirsə, bu peşənin çətinliyi insanı qorxutmur. Əksinə insan nəsli əsrlər boyu bütün çətinliklərə sinə gərərək qurub-yaratmaqla yaşayıb və inkişaf edib. Zəhmətsiz insan heç bir istəyinə, arzusuna nail ola bilməz.

- “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza sizi qorxutmadı ki? Gələcəyin neftçisi olmağa, mətin və cəsur olmağa, qəhrəmancasına öz peşə vəzifəsini yerinə yetirərkən həlak olan neftçilərin yolunu davam etdirməyə hazırsınızmı?

- Ölkəmizdə neft və qaz sahəsinin inkişafı üçün son illər çox böyük işlər görülüb. Bu sahədə qəza hadisələrinin baş verməməsi üçün əməyin mühafizəsi, təhlükəsizlik norma və qaydaları tətbiq olunur. Son qəza hadisəsində də əməyin mühafizəsi, təhlükəsizlik norma və qaydalarına tam əməl olunduğu, hadisə zamanı işçilərin təhlükəsiz qaydada təxliyyə olunması üçün lazımi tədbirlərin görüldüyü məlumdur. Dünyada hər il istehsalatda təbii fəlakət nəticəsində qəzalar, bədbəxt hadisələr baş verir və bunun nəticəsində insan tələfatları olur. Ancaq buna baxmayaraq, neftçi mühəndis üçün mətin və cəsur, soyuqqanlı olmaq üçün hazır olmaq, biliklərə yiyələnmək, fiziki və əqli cəhətdən inkişaf etmək həmişə vacibdir. Gələcəyin neftçisi kimi biz onların xatirəsini hər zaman əziz tutacağıq, həlak olan qəhrəman neftçilərin yolunu şərəflə davam etdirəcəyik.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2471109.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR