Azərbaycanın Dövlət Statistika Komitəsi Litva Statistika Departamenti ilə əməkdaşlıq əlaqələrini genişləndirir

Azərbaycanın Dövlət Statistika Komitəsi Litva Statistika Departamenti ilə əməkdaşlıq əlaqələrini genişləndirir
12:13 18 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 18 dekabr, AZƏRTAC
Azərbaycanın Dövlət Statistika Komitəsi Litva Statistika Departamenti ilə əməkdaşlıq əlaqələrini genişləndirir.
Dövlət Statistika Komitəsindən (DSK) AZƏRTAC-a bildirilib ki, komitənin nümayəndə heyəti statistika sisteminin inkişafı ilə əlaqədar təcrübə mübadiləsi aparmaq məqsədilə Litva Respublikasının paytaxtı Vilnüs şəhərində səfərdə olub. Səfər çərçivəsində Litva statistika sisteminin mövcud vəziyyəti və aparılan islahatlar, vahid inteqrasiya edilmiş metaməlumatlar strukturunun tətbiq edilməsi, keyfiyyətin idarə edilməsi sistemi, statistik hesabatların elektron təqdim edilməsi, əhali və ev təsərrüfatlarının statistik məlumatlarının yeni üsullarla ötürülməsi, istehlak qiymətləri indeksinin hesablanması üçün məlumatların toplanması və yoxlanmasının yeni üsulları, Litva Statistika Departamentində yerli statistika orqanlarının fəaliyyəti barədə məlumat mübadiləsi aparılıb. Həmçinin, rəsmi statistika portalında elektron xidmətlərin təşkili, tikinti statistikasında müayinələrin aparılması metodları, ticarət müəssisələrində dövriyyənin struktur müayinəsi üçün tətbiq edilən yeni metodlar, energetika statistikasının təşkili, xarici və daxili ticarət üzrə mövsümilik indekslərinin hesablanması, müəssisələr registri (biznes registr), inzibati məlumatlarla statistika işlərinin təşkili, milli hesablar sistemi və statistik informasiyanın yayılması kimi aktual mövzular müzakirə edilib.
DSK-nın nümayəndələri Litva Statistika Departamentinin baş direktoru xanım Vilija Lapeniene ilə görüşüblər. Görüşdə statistika sahəsində qurumlararası beynəlxalq əlaqələrin möhkəmləndirilməsi, üstün statistika təcrübəsinin bölüşdürülməsi, statistika işlərinin təşkili, keyfiyyətin idarə olunması, səmərəli informasiya texnologiyalarının tətbiqi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.
V.Lapeniene qeyd edib ki, statistik məlumatların mübadiləsi, vahid struktur və keyfiyyət standartlarının tətbiqi sahəsində Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi ilə əməkdaşlığın inkişafına və intensiv xarakter almasına yardımçı olacaq.
Görüşdə Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi siyasətdən söz açılıb, statistika sistemində də milli prioritetlərə və beynəlxalq təcrübəyə əsaslanan islahatlar barədə qarşı tərəfə məlumat verilib.
Səfər zamanı DSK-nın nümayəndə heyəti Litva Statistika Departamentinin sahə şöbələrinin və bölmələrinin rəhbərləri ilə statistika sisteminin təkmilləşdirilməsi sahəsində görülən işlər, əldə edilən uğurlar, strateji hədəflər və qarşıya çıxan problemlərə dair əhəmiyyətli müzakirələr aparıblar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_Dovlet_Statistika_Komitesi_Litva_Statistika_Departamenti_ile_emekdasliq_elaqelerini_genislendirir-912320

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR