“Azərbaycan xalqı radikal müxalifəti qəbul etmir” - Əli Əhmədov

“Azərbaycan xalqı radikal müxalifəti qəbul etmir” - Əli Əhmədov
12:44 30 Dekabr 2014
351 Ölkə
Ölkə mətbuatı
A- A+

 

"Azərbaycanın dinamik inkişafı, beynəlxalq mövqeyinin mütəmadi olaraq güclənməsi anti-Azərbaycan dairələrdə narahatlıq yaradır və həmin qüvvələr dövlətə qarşı müxtəlif vasitələrlə yanaşı, ölkə daxilindəki ünsürlərdən də istifadə edirlər. Bu sırada radikal müxalifət, “beşinci kolon” kimi səciyyələndirilən təşkilatlar və “hüquq müdafiəçiləri” fərqlənirlər".

 

APA-nın xəbərinə görə, bunu baş nazirin müavini, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - icra katibi Əli Əhmədov YAP-ın rəsmi saytına müsahibəsində deyib.

 

Onun sözlərinə görə, onlar faktiki və konkret olaraq siyasi alət kimi çıxış edirlər və məqsəd Azərbaycana müxtəlif məsələlər ətrafında təzyiqlər etmək, hətta bəzi hallarda ölkə daxilində xaos mühiti yaratmaqdır: “Əlbəttə, bütün bu neqativ cəhdlərin heç bir nəticəsi olmayacaq, çünki Azərbaycan dövləti ictimai-siyasi sabitlik və təhlükəsizliyi etibarlı şəkildə təmin edib, ölkəmizdə xalq-iqtidar birliyi mövcuddur. Azərbaycan xalqı radikal müxalifəti qəbul etmir, “beşinci kolon”un dağıdıcı fəaliyyətini narazılıqla qarşılayır. Azərbaycan ictimaiyyətinin bu zamana qədər radikal müxalifətə göstərdiyi münasibət dediklərimizin bariz nümunəsi və sübutu qismində çıxış edir. Bu münasibətin qarşılığında həmin qüvvələr özlərinə tənqidi münasibət bəsləmək və düzgün nəticələr çıxarmaq əvəzinə, daha radikal mövqe tuturlar və radikal addımlar üçün onlara təklif olunan əsas və yeganə məkan bir sıra xarici ölkələrin mətbuat səhifələri olur. Bununla da radikal müxalifət anti-Azərbaycançı qərəzli xarici dairələrin ölkəmizə qarşı həyata keçirdiyi qarayaxma kampaniyasında ucuz vasitəyə çevrilmiş olurlar. Beləliklə, onlar Azərbaycanda ictimai-siyasi situasiyaya az da olsa, təsir etmək gücündə olmadıqlarını özləri də dərk edirlər, amma düzgün addım atmaq, doğru yol seçmək əvəzinə, tamamilə daha böyük günahlara gətirib çıxaran səhvlər etmiş olurlar”.

 

Baş nazirin müavininin sözlərinə görə, bütün bunların nəticəsidir ki, son zamanlar radikal müxalifət partiyalarının sıralarından kütləvi istefalar qeydə alınır. O qeyd edib ki, əslində bu partiyaların sıralarında olmuş adamların kütləvi istefaları Azərbaycan vətəndaşlarının bu partiyaların ölkədəki sabitliyi pozmaq istiqamətində fəaliyyətinə cavabıdır: "Bu partiyalar dərk etməlidirlər ki, Azərbaycan xalqı onların bütün səylərinə nəinki biganəlik göstərir, əksinə, kəskin şəkildə öz etirazını bildirir. Azərbaycandakı ictimai-siyasi sabitliyi hər bir Azərbaycan vətəndaşı yüksək qiymətləndirir. Çünki ölkəmizin əldə etdiyi nailiyyətlər ümummilli lider Heydər Əliyevin böyük səyləri nəticəsində qərarlaşmış ictimai-siyasi sabitliyin üzərində möhkəmlənib. Azərbaycan vətəndaşları ayrı-ayrı şəxslərin öz maraqları naminə ölkəmizdəki sabitliyi pozmaq səylərini rədd edir. Güman edirəm ki, bundan sonra da bu münasibəti göstərəcək. Bütövlükdə radikal müxalifət öz mövqeyini və ideologiyasını kəskin surətdə dəyişməyə məhkumdur. Onlar bu reallığı dərk etməsələr, səhv mövqelərini davam etdirməkdə israrlı olsalar, Azərbaycan cəmiyyətinin onlara münasibəti daha da kəskinləşəcək. Azərbaycanda radikalllığa, aqressivliyə yer yoxdur”.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR