Əmək və əhalinin sosial müdafiəsi naziri Ağdaşda vətəndaşları qəbul edib

Əmək və əhalinin sosial müdafiəsi naziri Ağdaşda vətəndaşları qəbul edib
12:33 18 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Ağdaş, 18 dekabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağı müraciətlərinin həllinə kömək göstərirlər.
AZƏRTAC xəbər verir ki, növbəti belə qəbul dekabrın 18-də Ağdaş rayonundakı Heydər Əliyev Mərkəzində keçirilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Ağdaş, Yevlax və Goranboy rayonlarının, Mingəçevir və Naftalan şəhərlərinin sakinlərini fərdi qaydada qəbul edərək müraciətlərini dinləyib. Müraciətlər əsasən imtiyazlı kateqoriyalardan olan şəxslərin dövlət büdcəsi hesabına mənzil və minik avtomobili, reabilitasiya vasitələri ilə təmin olunma, məşğulluğuna və müalicəsinə kömək göstərilməsi, əmək hüquqlarının müdafiəsi məsələləri ilə bağlı olub. Hər bir müraciət nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılıb. Səlim Müslümov bir sıra müharibə əlillərinin minik avtomobilinə tibbi göstəriş almaq hüququnun tibbi-sosial ekspertiza xidməti tərəfindən müəyyən olunması, işaxtaran şəxslərə boş (vakant) iş yerlərinə göndərişlərin verilməsi, ayrı-ayrı şəxslərin bu və ya digər sosial təminat hüquqlarının araşdırılaraq qanunauyğun cavablandırılması barədə tapşırıqlar verib.
Nazir vətəndaşların mənzillə təmin olunmaq üçün etdikləri müraciətlərlə əlaqədar bildirib ki, müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatı işləri rayon (şəhər) icra hakimiyyətlərindən daxil olmuş siyahılara əsasən növbəlilik əsasında uğurla davam etdirilir: “Son aylarda Yevlax və Goranboy rayonlarının hər birində 11 fərdi ev olmaqla ümumilikdə 22 fərdi ev, Mingəçevir şəhərində isə tender yolu ilə hazır yaşayış binasından alınaraq təmir etdirilmiş 3 mənzil müharibə əlilləri və şəhid ailələrinə təqdim edilib. Həmin evlərdə normal yaşayış üçün bütün şərait yaradılıb. Hazırda Ağdaş rayonunda bu təbəqələrdən olan insanlar üçün artıq 19 fərdi evin, Naftalan şəhərində isə 1 fərdi evin inşası tamamlanmaq üzrədir və mənzillər yaxın vaxtlarda istifadəyə veriləcək”.
Səlim Müslümov müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatı istiqamətində işlərin gələn il də davam etdiriləcəyini, dünyada iqtisadi böhran proseslərinin müşahidə olunmasına baxmayaraq, Azərbaycanda sosial proqramların təxirə salınmayacağını vurğulayıb. Ümumi səbəbdən əlilliyi olan şəxslərin mənzillə təmin olunmaq barədə müraciətinə cavab olaraq bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə inşa olunan mənzillər yalnız ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar fiziki sağlamlıqlarını itirmiş vətəndaşlar və şəhid ailələri üçün nəzərdə tutulub. Ümumi səbəbdən əlilliyi olan vətəndaşlar mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması ilə bağlı müvafiq rayon (şəhər) icra hakimiyyətlərinə müraciət edə bilərlər.
Nazir qəbul edilən ayrı-ayrı vətəndaşların müraciətlərinə əsasən onların əlillik müayinələrinin aparılmasını və nəticəsinə uyğun olaraq qərar qəbul edilməsini, əlilliyi olan şəxslərin müalicəsinə kömək göstərilməsini tapşırıb. Bir neçə müraciət nazirliyin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı sorğu xarakteri daşıyıb və bunun əlaqədar hüquqi izahatlar verilib.
Qəbula gələn vətəndaşlar müharibə əlilləri və şəhid ailələrinin maddi təminatlarının gücləndirilməsinə, o cümlədən həmin insanların yeni mənzillərlə təminatına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Qəbul zamanı nazirliyin səlahiyyət dairəsinə aid olmayan məsələlərlə əlaqədar müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Amek_ve_ehalinin_sosial_mudafiesi_naziri_Agdasda_vetendaslari_qebul_edib-912336

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR