DBNX: “Quş qripi” xəstəliyinin törədicisi müəyyən edilməyib

DBNX: “Quş qripi” xəstəliyinin törədicisi müəyyən edilməyib
12:58 18 Dekabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 18 dekabr, AZƏRTAC
Köçəri quşlara görə respublika ərazisində monitorinq aparılan ərazilərdə xəstə və xəstəlikdən tələf olan quşlara təsadüf edilməyib, eləcə də ölkənin bütün təsərrüfatlarında saxlanılan quşlar arasında hər hansı iti infeksion xəstəliyə və xəstəlikdən tələfolma hallarına rast gəlinməyib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Həsənov AZƏRTAC-a bildirib ki, dekabrın 7-dən “quş qripi” xəstəliyinə görə ölkə ərazisində DBNX-nin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə növbəti monitorinq başlanıb. Monitorinq köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı milli park və qoruqlarda, eləcə də respublikanın dənizsahili zonalarında keçirilib. Bundan əlavə, monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlardan da nümunələr götürülüb.
“Quş qripi” xəstəliyinə görə aparılan növbəti monitorinq zamanı seçmə üsulla ovlanaraq götürülən 21 baş çöl quşunun patoloji materialı və ölkəmizin ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlarından gətirilən 2068 baş ev quşunun qan nümunələri baytarlıq laboratoriyasında müvafiq müayinələrdən keçirilib. DBNX bununla əlaqədar bildirir ki, müayinələr dekabrın 18-də başa çatıb və nümunələrin heç birində “quş qripi” xəstəliyinin törədicisi müəyyən edilməyib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti əhaliyə və quşçuluq təsərrüfatı rəhbərlərinə tövsiyə edir ki, havaların getdikcə soyuması ilə əlaqədar ev və sənaye quşları baytarlıq-sanitariya qaydalarına uyğun saxlanılsın. Həmçinin heyvanlarda (mal-qara, quşlar, balıqlar, arılar və başqaları) özbaşına müalicə, peyvəndləmə və digər baytarlıq tədbirləri aparılmasın, heyvanların saxlanılması baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə həyata keçirilsin.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti ölkəmizin quş qripi xəstəliyinə görə epizootik vəziyyətin sabit olmasını, cari ildə aparılan monitorinqlərin nəticələrini, köçəri, sinantrop və ev quşları arasında “quş qripi” xəstəliyinin hər hansı tipinə təsadüf olunmamasını və quşların miqrasiyasını əsas götürərək növbəti monitorinqin yaz fəslində aparılmasını nəzərdə tutur.
Hazırda “quş qripi” xəstəliyinə və digər kəskin yoluxucu xəstəliklərə görə respublikamızda epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/DBNX_Qus_qripi_xesteliyinin_toredicisi_mueyyen_edilmeyib-912344

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR