“Ağdam” qəzetinin ilk nömrəsinin nəşrindən 85 il ötür

“Ağdam” qəzetinin ilk nömrəsinin nəşrindən 85 il ötür
13:43 18 Dekabr 2015
53 Digər
Ölkə mətbuatı
A- A+


Ağdam, 18 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
“Ağdam” qəzetinin ilk nömrəsinin nəşr olunmasından 85 il ötür.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən yubiley tədbirinin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Quzanlı qəsəbəsindəki abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad edib, sonra “Ağdam” qəzeti redaksiyasının fəaliyyəti ilə tanış olublar.
Ağdam Dövlət Dram Teatrında rayon ictimaiyyəti nümayəndələrinin, ziyalıların iştirakı ilə keçirilən tədbirdə qəzetin redaktoru Baxşeyiş Hətəmli çıxış edərək, mətbu orqanın keçdiyi tarixi yoldan danışıb. Məlumat verilib ki, 1930-cu ildə Azərbaycanın Xalq Yazıçısı Əli Vəliyevin redaktorluğu ilə “Kolxoz sədası” adı ilə fəaliyyətə başlayan qəzet 1932-ci ildə “Kolxozçu”, 1934-cü ildə “Lenin yolu”, 1990-cı ildən isə “Ağdam” adı ilə nəşr edilib. 85 illik dövr ərzində 9270 dəfə oxucuların görüşünə gələn qəzet rayonun ictimai-siyasi, mədəni, mənəvi həyatının salnaməsinə çevrilib.
Qarabağ müharibəsi illərində çətinliklərə baxmayaraq fəaliyyətini davam etdirən qəzet ağdamlılar üçün etibarlı məlumat mənbəyi, həmçinin onları doğma torpaqlarına bağlayan bir bağ olub. Qəzet döyüş ruhlu, torpaq sevgili, düşmənə nifrət, qələbəyə inamla dolu məqalə, oçerk və şeirləri ilə cəbhə boyu səngər-səngər dolaşır, döyüşən əsgərlərin mübarizlik və vətənpərvərlik ruhunu yüksəldirdi.
1993-cü ildə Ağdam şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra “Ağdam” qəzetinin də köçkünlük həyatı başlayıb. 1990-cı illərdə Bərdə və Mingəçevir şəhərlərində fəaliyyətini davam etdirən qəzet hazırda Quzanlı qəsəbəsində 1500 tirajla, ayda 3-4 dəfə nəşr edilir. “Ağdam” qəzeti bu gün rayonun işğal olunmayan ərazisindəki sosial-iqtisadi inkişafı işıqlandırmaqla yanaşı, həm də Qarabağ müharibəsinin bütün ağrılarını çiyinlərində daşıyan Ağdamın nisgilli günlərini, 130 minə yaxın ağdamlı məcburi köçkünün Vətən həsrətini tarixə yazır. Qəzetin hər bir nömrəsində qələbə əzmi, döyüş ruhu, doğma torpaqlara qayıdışa inam hissi öz əksini tapır.
Bədii kompozisiya və rəngarəng musiqi nömrələri ilə davam edən tədbirdə çıxış edənlər redaksiyanın kollektivini qəzetin 85 illik yubileyi münasibətilə təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, ölkəmizdə mətbuatın inkişafına göstərilən dövlət qayğısından danışıblar.
Sonda qəzetin əməkdaşlarına fəxri fərman və pul mükafatı təqdim edilib.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Agdam_qezetinin_ilk_nomresinin_nesrinden_85_il_otur-912361

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR