Braziliya prezidentinin impiçmenti üzrə komissiyanın işi dayandırılıb

Braziliya prezidentinin impiçmenti üzrə komissiyanın işi dayandırılıb
14:03 18 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 18 dekabr, AZƏRTAC
Braziliya Ali Məhkəməsi Prezident Dilma Russeffin impiçment prosesinin başlaması üçün yaradılan komissiyanın işinə xitam verib. Buna səbəb kimi komissiyada prezidentin əleyhdarlarının üstünlük təşkil etməsi göstərilir. Qərara əsasən, dekabrın 2-də start götürən impiçment prosesi yenidən başlamalıdır.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, məhkəmə həmçinin impiçment prosesini blok etmək üçün senatın səlahiyyətlərini də artırıb.
İmpiçment prosesinin təşəbbüskarı parlamentin aşağı palatasının spikeri Eduardu Kunyadır. O, ötən ilin büdcəsini formalaşdırarkən Russeffin qanunları pozduğunu iddia edir. Bu arada Kunyanın özü də “Petrobras” dövlət neft şirkətinin müqavilə bağlamasına göstərdiyi kömək müqabilində bir neçə milyon dollar rüşvət almaqda ittiham olunur. Korrupsiya sövdələşməsində iştirakını inkar edən spiker isə siyasi motivlərə görə təqib olunduğunu bildirir.
Dilma Russeffin ölkədəki nüfuzu son vaxtlar bir çox yüksək vəzifəli məmurların və sahibkarların adlarının hallandığı “Petrobras” kompaniyası ətrafında cərəyan edən qalmaqal səbəbindən xeyli aşağı düşüb. Buna baxmayaraq o, impiçment cəhdinin əsassız olduğu üçün iflasla nəticələnəcəyinə əmindir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR