Əbülfəs Qarayev Kürdəmirdə vətəndaşları qəbul edib

14:42 18 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"Report" xəbər verir ki, qəbulda Kürdəmir, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Ağdam, Füzuli və Xocavənd rayonlarından 30-dan artıq vətəndaş iştirak edib.
Nazirliyin məsul işçilərinin iştirak etdikləri qəbulda səslənən müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması, ixtisaslı kadrlarla təminat, tarix və mədəniyyət abidələrinin təmir-bərpası, bölgələrin turizm imkanlarının inkişaf etdirilməsi və digər məsələlərlə bağlı olub.
Bundan əlavə, qəbulda bir sıra sosial məsələlər, işlə təminatla bağlı xahişlər də səslənib.
Vətəndaşları diqqətlə dinləyən nazir ayrı-ayrı məsələlərin həlli ilə əlaqədar tapşırıqlar verib.
Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində bildirib ki, ölkə başçısının tapşırığı ilə hər ay yerlərdə təşkil olunan görüşlər bir çox məsələlərin operativ həllinə zəmin yaradır. Hər görüşdə vətəndaşlar tərəfindən maraqlı təkliflər, faydalı təşəbbüslər irəli sürülür.
Nazir tarixi abidələrin qorunması və bərpasına vətəndaşların maraq göstərməsini xüsusilə təqdir edib. Yerlərdə turizmin təşviqi istiqamətində müraciətləri müsbət qiymətləndirən Ə.Qarayev Kür çayının Kürdəmir rayonun ərazisindən keçən hissəsində çay turizminin inkişaf etdirilməsi barədə təklifin nəzərdən keçiriləcəyini deyib. Nazir qeyd edib ki, qəbulda səsləndirilən bütün faydalı təkliflərin həyata keçməsi üçün müvafiq addımlar atılacaq.
Qəbuldan sonra nazir rayonda yerləşən mədəniyyət müəssisələrinə baş çəkib, tarix-diyarşünaslıq muzeyi, mədəniyyət evi və musiqi məktəbinin iş şəraiti ilə tanış olub, tövsiyələrini verib.

Xəbərin orijinal ünvanı: http://report.az/medeniyyet-siyaseti/ebulfes-qarayev-kurdemirde-vetendaslari-qebul-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR