Azay Quliyev: Bu, Dağlıq Qarabağın bizdən qopardılması məqsədilə ölkəmizə qarşı edilən açıq təzyiq və şantajdır (MÜSAHİBƏ)

Azay Quliyev: Bu, Dağlıq Qarabağın bizdən qopardılması məqsədilə ölkəmizə qarşı edilən açıq təzyiq və şantajdır (MÜSAHİBƏ)
14:53 18 Dekabr 2015
22 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

ATƏT PA-nın Büro üzvü, Siyasi məsələlər komitəsinin sədr müavini, deputat Azay Quliyevin Trend-ə müsahibəsi

- Azay müəllim, Kris Smitin “Azərbaycan Demokratiya aktı” layihəsi adlı sənədi Azərbaycana qarşı ikili siyasətin məntiqli nəticəsi kimi qiymətləndirmək olarmı?

- ABŞ-ın Helsinki Komissiyasının sədri, konqresmen Kris Smit tərəfindən təqdim olunan “Azərbaycan Demokratiya aktı” layihəsi adlı sənəd qəbul olunarsa, ilk növbədə, ABŞ-ın maraqlarına ciddi zərbə vuracaq. Bu layihə açıq-aşkar Azərbaycan xalqına və dövlətçiliyinə qarşı erməni lobbisi tərəfindən hazırlanmış məkrli planın bir hissəsidir. Ona görə də mən inanıram ki, ABŞ Konqresi və bütövlükdə rəsmi Vaşınqton heç bir əsası olmayan, hər iki ölkənin milli çıxarlarına tamamilə zidd olan, deyərdim, hətta təxribat xarakteri daşıyan belə bir sənədi rədd edəcək.

Smitin belə bir təşəbbüslə çıxış etməsinin səbəblərinə gəldikdə isə mən şəxsən burada təəccüblü heç nə görmürəm. Çünki biz hamımız dəqiq bilirik ki, ABŞ-ın erməni lobbisi son illər Azərbaycana qarşı fəaliyyətini intensivləşdirib. Krist Smit də ermənilərin yaxın dostu olaraq antiazərbaycan kampaniyasında fəal rol oynayır və bunu heç özü də gizlətmir. Son iki ildə onun verdiyi bəyanatları incələsək, dediklərimin bir daha şahidi olarıq.

Smitin “Azərbaycan Demokratiya aktı” adlı layihəsi də heç şübhəsiz ki, bu kampaniyanın tərkib hissəsidir və daha çox 1992-ci ildə Azadlığın dəstəklənməsi aktına edilmiş 907-ci düzəlişi xatırladır. Bilirsiniz ki, 907-ci düzəlişə görə Ermənistanın işğalına məruz qalan Azərbaycanı Ermənistana qarşı blokadada və təcavüzdə ittiham edərək ölkəmizə iqtisadi sanksiya tətbiq edilmişdir. ABŞ rəsmiləri hələ də bu bədnam aktın qəbuluna hər hansı bir ağlabatan izahat verə bilmirlər.

- Smitin bu addımı indiki ərəfədə təsadüfdür, yoxsa zərurət?

- Ermənilərin təhriki ilə Smitin belə bir layihə ilə çıxış etməsinin məhz indiki ərəfəyə düşməsi də, məncə, təsadüfi deyil. Birincisi, ona görə ki, bu gündən etibarən İsveçrənin paytaxtı Berndə Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı çox mühüm görüşü başlayır. Bu görüş ərəfəsində ölkəmizin mövqeyini zəiflətmək, danışıqlarda sərgilədiyimiz prinsipial və güzəştsiz siyasətə təsir etmək üçün belə bir layihəni tələm-tələsik Konqresə təqdim ediblər. Bu isə Dağlıq Qarabağın bizdən qopardılması məqsədilə ölkəmizə qarşı edilən açıq təzyiq və şantajdır.

Sənədi hazırlayanların insan hüquqları adı altında radikal islamçıları açıq mətnlə müdafiə etmələri onların əsl mahiyyətini ortaya qoyur. Belə çıxır ki, İŞİD-ə qarşı amansız mübarizə aparan Smit nədənsə Azərbaycanda konstitusion hakimiyyəti devirib şəriət üsul-idarəsinin yaradılmasını qarşısına məqsəd qoyan radikal islamçıları müdafiə edir və onları siyasi məhbus adlandırır. Buna nə ad vermək olar?

Bu təşəbbüsün müəllifləri Azərbaycanda QHT-hökumət dialoqunun əleyhinə olduqlarını və bu dialoq nəticəsində əldə olunan müsbət nəticələrdən ciddi narahatlıq keçirdiklərini bir daha nümayiş etdirdilər. Əks halda, Leyla və Arif Yunusların həbsdən azad edildiyi, cinayət işi ilə əlaqədar aparılan araşdırmalara görə bank hesablarına həbs qoyulmuş 10-a yaxın QHT-nin hesabından həbslərin götürüldüyü, Əfv Komissiyasının məhbusların müraciətinə baxdığı bir ərəfədə belə bir təxribat xarakterli layihəni ortaya atmazdılar. Görünür, vətəndaş cəmiyyəti institutları və insan hüquqlarının təminatı sahəsində Azərbaycanın daxilində icra olunan milli mexanizm bunları qətiyyən qane etmir. Onlar bu layihə vasitəsilə Azərbaycan hökumətini qıcıqlandırmaq və atıla biləcək bütün müsbət addımların qarşısını almağı hesablayıblar.

Bu gün Azərbaycanın ABŞ və Qərblə münasibətlərinin korlanmasını istəyən ölkələr və dairələr hamıya məlumdur. Bu qüvvələr özlərinin regiondakı təsirlərini artırmaq və Qərbi birdəfəlik Cənubi Qafqazdan vurub çıxarrmaq üçün hər oyuna əl atırlar. Təsəvvür edin ki, belə bir sənəd qəbul olunur və Azərbaycanın ABŞ-la bütün əlaqələri dondurulur. Regionun aparıcı dövləti olan, kifayət qədər geosiyasi çəkiyə malik olan və Qərbi alternativ enerji ilə təmin edən bir ölkənin Qərblə münasibətlərinin sıradan çıxarılmasına kimin maraqlı olması haqqında isə xüsusi izahata ehtiyac yoxdur.

Hesab edirəm ki, Smitin təqdim etdiyi qanun layihəsinin ədalətsiz və əsassız olmasını bir kənara qoyub, sadəcə yuxarıda qeyd olunan səbəblərə görə ABŞ-ın praqmatik siyasətçiləri və parlament üzvləri bunu birmənalı şəkildə rədd etməlidirlər.

ABŞ-la Azərbaycanın strateji tərəfdaş ölkələr olaraq qalmasını istəyən Birləşmiş Ştatların siyasi elitasının müdrik qərar qəbul edəcəyinə inanıram.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2471260.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR