Nəqliyyat naziri Xızıda vətəndaşların müraciətlərini dinləyib

14:58 18 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Xaçmaz, 18 dekabr, Elxan Yusifli, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağı müraciətlərinin həllinə kömək göstərirlər.
AZƏRTAC xəbər verir ki, növbəti belə qəbul dekabrın 18-də Xızıdakı Heydər Əliyev Mərkəzində keçirilib. Nəqliyyat naziri Ziya Məmmədov Abşeron, Siyəzən və Xızı rayonlarından olan 50-dən çox vətəndaşı qəbul edərək, onların şikayət və təkliflərini dinləyib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin Xızı şəhərinin mərkəzində ucaldılmış abidəsi ziyarət olunub, abidənin qarşısına gül dəstələri düzülüb.
Qəbul zamanı vətəndaşlar Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 26-cı kilometrliyində piyada keçidinin inşası, həmin yolun 56-cı kilometrliyindən ayrılan və Yeni Yaşma kəndinə aparan yolun əsaslı təmiri, Abşeronun Hökməli kəndində iki kilometr uzunluğunda avtomobil yolunda cari təmir işlərinin aparılması ilə bağlı müraciət ediblər. Bununla yanaşı, qəbulda Xızının Giləzi qəsəbəsində, Sitalçay və Yeni Yaşma kəndlərində dayanacaqların qurulması, Bakı-Xızı-Bakı marşrutu üzrə ortatutumlu yeni avtobusların hərəkətinin təşkili, Abşeronun Masazır qəsəbəsində yeni salınan və 3 min nəfərin yaşadığı yaşayış massivindən Xırdalan şəhərinə birbaşa marşrut xəttinin açılması və digər məsələlərlə bağlı müraciətlər də dinlənilib.
Qaldırılan məsələlərin bəziləri yerindəcə həllini tapıb. Vətəndaşların digər müraciətləri ilə bağlı nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.
Vətəndaşları narahat edən, nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Neqliyyat_naziri_Xizida_vetendaslarin_muracietlerini_dinleyib-912385

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR