İstehlakçıların maarifləndirilməsinə dair ilin sonuncu tədbiri Qusarda keçirildi

İstehlakçıların maarifləndirilməsinə dair ilin sonuncu tədbiri Qusarda keçirildi
15:28 18 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçıların maarifləndirilməsi tədbirlərini davam etdirir. Bu istiqamətdə Dövlət Xidmətinin təşkilatçılığı ilə növbəti konfrans dekabrın 18-də Qusar rayonunda keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, “Azərbaycanda istehlakçı hüquqları qorunur” mövzusunda təşkil edilmiş tədbirdə aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri və 100-dən çox istehlakçı iştirak edib.

Tədbirdə çıxış edən Dövlət Xidmətinin rəis müavini Araz Əliyev istehlakçıların hüquqlarının müdafiəsində maarifləndirmə tədbirlərinin əhəmiyyətini vurğulayıb, bu istiqamətdə Dövlət Xidməti tərəfindən görülən işlər barədə məlumat verib. Qeyd olunub ki, 2015-ci ilin ötən aylarında istehlakçıların maarifləndirilməsi məqsədilə 18 adda 80 mindən artıq buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 6 minə yaxın yaddaş kitabçası hazırlanaraq paylanıb. Hazırda KİV ilə istehlakçıların maarifləndirilməsi istiqamətində əməkdaşlıq davam etdirilir, müxtəlif maarifləndirici materiallar dərc edilir, birgə televiziya verilişləri hazırlanır.

Konfransda, həmçinin xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən maarifləndirici tədbirlər barədə məlumat verilib.

Tədbirdə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşları “İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr”, “Hər bir istehlakçı öz hüquqlarını bilməlidir”, “Ərzaq malları alarkən nələrə diqqət yetirməli” mövzularında məruzələrlə çıxış edib, konfrans iştirakçılarının suallarını cavablandırıblar.

Sonda tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanıb.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2471290.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR