“Qızıl payız” gənclərin yaradıcılıq festivalı Mingəçevirdə

“Qızıl payız” gənclərin yaradıcılıq festivalı Mingəçevirdə
16:28 18 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 18 dekabr, AZƏRTAC
Gənclər üçün Təhsil Mərkəzinin (GTM) təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə keçirilən “Qızıl payız” gənclərin yaradıcılıq festivalına Mingəçevirdə start verilib.
GTM-dən AZƏRTAC-a bildiriblər ki, festivala Mingəçevir və ətraf regionlardan yüzlərlə istedadlı gənc və mədəniyyət sahəsində çalışan şəxslər qatılıblar.
Tədbirdə çıxış edən GTM-nin Mingəçevir regional ofisinin rəhbəri Tural Kərimov bildirib ki, festivalın əsas məqsədi gənclərin bacarıqlarının üzə çıxarılmasına və artırılmasına kömək etmək, habelə uşaq və yeniyetmələrdə yaradıcılığa maraq oyatmaqdır. Mərkəz mütəmadi olaraq, müxtəlif regionlarda istedadlı uşaqların, yeniyetmə və gənclərin üzə çıxarılması üçün proqramlar reallaşdırır. Bu festivalda həmin istedadlı gənclərin yaradıcılığı təqdim edilir.
Daha əvvəl Gəncədə keçirilən festival dekabrın 19-da Ağcabədidə təşkil olunacaq. Festivallara hazırlıq məqsədilə hər üç şəhərdə qurulan yaradıcılıq dərnəklərində iştirakçı olmaq istəyən gənclər üçün zəruri musiqi avadanlığı, rəsm və digər sahələr üzrə müvafiq materiallar təqdim edilib, yaradıcılıq təlimləri keçirilib. Dərnəklər yaradıcılıq qabiliyyəti olan yeniyetmə və gənclərin bacarıqlarını inkişaf etdirmələri, özlərini cəmiyyətə tanıtdırmaları üçün imkanlar təqdim edir. Bu dərnəklərdə gənclərin yalnız yaradıcılıq sahəsində deyil, eyni zamanda, özlərinin şəxsi inkişafları və təşəbbüskarlıqlarının artırılması üçün müxtəlif təlimlər, oyun və müsabiqələr keçirilib.
Mingəçevir şəhər gənclər və idman idarəsinin rəisi Kamal Nəcəfli və digərləri də çıxış edərək festivalın əhəmiyyəti, yaradıcı gənclərin üzə çıxarılması istiqamətində atılan addımlar və bu sahədə qazanılan nailiyyətlər barədə məlumat veriblər. Onlar bu festival vasitəsilə daha çox istedadlı gəncin üzə çıxarılmasına şərait yarandığını, GTM-nin bu təşəbbüsünün regionlarda yaradıcı gəncləri daha da həvəsləndirdiyini vurğulayıblar.
Çıxışlardan sonra gənclər müxtəlif sahələrdə - teatr səhnələrinin hazırlanması, musiqi nömrələri, rəqslər və s. üzrə bacarıqlarını göstəriblər. Sonra festival iştirakçılarının hazırladıqları əl işlərinə və rəsm əsərlərinə baxış keçirilib, onların kiçik ixtiraları nümayiş etdirilib.
Sonda festivalda iştirak edən gənclərə diplom və mükafatlar təqdim olunub.











Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qizil_payiz_genclerin_yaradiciliq_festivali_Mingechevirde-912421

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR