Əli Əhmədov icbari tibbi sığorta sisteminə keçid istiqamətində görülən işlərdən danışdı

Əli Əhmədov icbari tibbi sığorta sisteminə keçid istiqamətində görülən işlərdən danışdı
12:58 30 Dekabr 2014
88 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan səhiyyəsi icbari tibbi sığorta sisteminin tətbiqinə çox yaxınlaşıb. Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov hakim Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində deyib.

Baş nazirin müavini bildirib ki, icbari tibbi sığorta sisteminə keçilməsinin zəruriliyi “Tibbi sığorta haqqında” qanunda təsbit olunub. Ötən müddət ərzində yeni sistemin tətbiq edilməsi ilə əlaqədar bir çox ciddi islahatlar həyata keçirilib.

Ə.Əhmədov deyib ki, icbari tibbi sığortaya keçid nəticəsində səhiyyə sahəsində təkcə maliyyələşmənin deyil, həm də idarəetmənin yeni metodu tətbiq edilməyə başlanacaq: “Konkret fəaliyyətə gəldikdə isə qeyd etməyi vacib bilirəm ki, icbari tibbi sığortaya keçilməsi ilə əlaqədar intensiv dəyərləndirmələr aparılır, ayrı-ayrı ölkələrin təcrübəsi öyrənilir, zəruri normativ sənədlərin hazırlanması üzərində iş gedir. Dünya Bankının nümayəndələri ilə birgə layihələr qarşıya qoyulan vəzifəyə çatmaqda bizə zəruri kömək göstərir. Hesab edirəm ki, Azərbaycan səhiyyəsi icbari tibbi sığorta sisteminin tətbiqinə çox yaxınlaşıb və yaxın zamanlarda biz bunun şahidi olacağımıza ümid edə bilərik”.

Baş nazirin müavini qeyd edib ki, ancaq icbari tibbi sığortaya keçidin və xüsusilə də yeni sistemin tam fəaliyyətə başlamasının asan olacağını, qısa vaxtda hər şeyin dəyişəcəyini düşünmək düzgün olmazdı: “Qarşıda çox ciddi islahatların dayandığını dərk etməliyik. Onu da qeyd edim ki, icbari tibbi sığortaya keçid hər şeydən əvvəl, indi bizdə mövcud olan səhiyyə xidmətinin, necə deyərlər, fəlsəfəsini dəyişəcək. Əhaliyə səhiyyə xidmətinin təşkili, onun lazımi səviyyədə maliyyələşdirilməsi hər bir müasir dövlətin başlıca vəzifəsidir”.

Ə.Əhmədov bildirib ki, əhaliyə keyfiyyətli səhiyyə xidmətinin təmin edilməsi Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin təməl prinsiplərindəndir: “Söhbət xidmətin keyfiyyətinin daha da artırılmasından, ayrılan dövlət vəsaitlərinin daha ünvanlı və səmərəli xərclənməsinin təmin edilməsindən gedir. İcbari tibbi sığorta burada ən əlverişli vasitə kimi nəzərdən keçirilir”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR