ADA Universitetinin mütəxəssisləri Yaponiyanın Doşişa Universitetində mühazirələrlə çıxış ediblər

ADA Universitetinin mütəxəssisləri Yaponiyanın Doşişa Universitetində mühazirələrlə çıxış ediblər
17:43 18 Dekabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+


Tokio, 18 dekabr, AZƏRTAC
Bu yaxınlarda ADA Universitetinin mütəxəssisləri Yaponiyanın Kioto şəhərində yerləşən nüfuzlu Doşişa Universitetində mühazirələrlə çıxış ediblər.
Bu barədə AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə məlumat verən ADA Universitetinin beynəlxalq əlaqələr ofisinin direktoru Rəhman Şahhüseynli bildirib ki, bu iki nüfuzlu ali təhsil ocağı arasında əməkdaşlığın əsası 2014-cü ildə imzalanmış memorandum əsasında qoyulub. Cari ilin martında memorandum çərçivəsində Doşişa Universitetinin iki professoru ADA Universitetinin dəvəti ilə Azərbaycana gələrək müxtəlif qurumlarda çoxsaylı görüşlər keçiriblər. Yapon alimlər bir milyondan çox qaçqın və məcburi köçkünün olduğu Azərbaycanın sürətli inkişafını heyrətlə qarşılayaraq, onun çox nadir bir ölkə olduğunu bildiriblər. Növbəti akademik ildə bu professorların magistr tələbələrinin tədqiqat aparmaq üçün Azərbaycana gəlmələri barədə razılıq əldə olunub. Həmin razılığa əsasən, 2016-ci ilin martında Doşişa Universitetində dövlət dəstəyi ilə həyata keçirilən Qlobal Ehtiyatların İdarəolunması proqramı çərçivəsində iki professor və səkkiz magistr tələbə tədqiqat aparmaq üçün Azərbaycana gələcəklər. Bu qrupun üzvlərinin ölkəmiz haqqında ilkin məlumatlandırılması məqsədilə ADA Universitetindən iki mütəxəssis Doşişa Universitetinə mühazirə oxumaq üçün dəvət edilib. ADA Universitetinin prorektoru Emin Hüseynov və beynəlxalq əlaqələr ofisinin direktoru Rəhman Şahhüseynlinin mühazirələri universitetin bütün müəllim-tələbə heyəti üçün açıq elan edilib.
E.Hüseynov Azərbaycan iqtisadiyyatının inkişaf xronologiyası, trendləri və perspektivləri haqqında, R.Şahhüseynli isə Cənubi Qafqaz regionunun və Azərbaycanın geosiyasəti, resurs siyasəti və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat veriblər. Mühazirələr dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
Doşişa Universitetinin prezidenti, professor S.Taquşi ADA Universitetindən gələn mütəxəssisləri qəbul edərək iki ali təhsil ocağı arasındakı əməkdaşlıqdan böyük məmnuniyyət hissi keçirdiyini bildirib, ətraflı məlumata və mühazirələrə görə azərbaycanlı mütəxəssislərə təşəkkür edib.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ADA_Universitetinin_mutexessisleri_Yaponiyanin_Dosisa_Universitetinde_muhazirelerle_chixis_edibler-912461

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR