Britaniyanın nüfuzlu elmi jurnalında Azərbaycan aliminin mədəniyyət tariximiz haqqında araşdırması dərc edilib

Britaniyanın nüfuzlu elmi jurnalında Azərbaycan aliminin mədəniyyət tariximiz haqqında araşdırması dərc edilib
17:53 18 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


London, 18 dekabr, AZƏRTAC
Böyük Britaniyada ildə bir dəfə nəşr olunan, müəyyən hallarda həmin il içərisində hansısa mühüm problemə həsr edilən xüsusi buraxılışları da işıq üzü görən “Sokrat almanaxı”nın növbəti cildi Avropa elmi ictimaiyyətinə təqdim edilib.
Həmin məcmuədə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Milli Məclisin mədəniyyət komitəsinin sədri Rafael Hüseynovun da Azərbaycan mədəniyyətinin zəngin tarixinə həsr edilən araşdırması yer alıb. “Sokrat almanaxı”nın əvvəlki illərdəki bir sıra başqa cildlərində də akademik Rafael Hüseynovun tədqiqləri dərc edilmişdi. Xatırladırıq ki, R.Hüseynov beynəlxalq Sokrat Komitəsinin nəşri olan bu toplunun ekspertlər şurasının üzvü seçilib. Almanaxın bu sayında akademik R.Hüseynovun elmi əsərindən başqa onun yaradıcılıq bioqrafiyası haqqında fotolarla müşayiət edilən geniş məqalə də dərc edilib.
AZƏRTAC-ın xüsusi müxbiri ilə söhbətində akademik Rafael Hüseynov bildirib ki, “Sokrat almanaxı”nın əvvəlki buraxılışlarında onun XII yüzilin dahi Azərbaycan mütəfəkkiri Nizami Gəncəvi, orta əsrlərdə yaranmış əlyazma irsimiz, klassik mədəniyyətimizin ayrı-ayrı şəxsiyyətləri və nümunələrinin dünya sivilizasiyasına müsbət təsirləri ilə bağlı araşdırmaları dərc edilib. Əsas məqsəd dünyanın ingilisdilli yüz milyonlarla oxucusu, izləyicisi olan hüdudsuz elmi auditoriyasında Azərbaycanın bəşər intibahı tarixindəki əhəmiyyətli yeri haqqında daha dərin və əhatəli təsəvvürlər yaratmaqdır. Akademik R.Hüseynov deyib: “İstər elmi, istər mədəni, istər siyasi sahədə hər belə addım uzun onillər boyu düçar olduğumuz informasiya blokadasını daha artıq qırmaq, özümüzü layiq olduğumuz səviyyədə dünyaya daha mükəmməl tanıtmaq üçün əlavə fürsətdir. Hər belə münasib imkandansa yüksək səriştə ilə yararlanmaq vacibdir”.
Akademik R.Hüseynovun “Sokrat almanaxı”nın son cildindəki həcmli araşdırması “Azərbaycanın xalq oyunları və milli meydan teatrının qədim və köhnəlməz dünyası” adlanır. Əsərdə göstərilir ki, orta əsrlərdən başlayaraq Azərbaycanda, eləcə də Yaxın və Orta Şərqin bir sıra xalqlarında çoxsaylı milli oyunlar və meydan tamaşaları geniş yayılıb. Daha çox idmana yaxın olan milli oyunlarla mahiyyətilə incəsənətin bir qanadı sayılan xalq tamaşaları arasında əsas fərq ondan ibarətdir ki, adi oyunda oyunçu öz həyatını yaşayır, meydan tamaşalarında isə şərti olsa belə ssenari, rol bölgüsü var və bu oyun başqalarına nümayiş etdirilmək üçün icra olunur. R.Hüseynov Azərbaycanın milli oyunlarının estetikası və yaşı etibarilə dünyada ən qədimlərdən olduğunu vurğulayaraq yazır: “Azərbaycan milli oyunları haqda heç bir xalqda olmayan ən qədim əyani sübutlar yaşı 10-20 min ili aşan Qobustan qaya rəsmlərində təsvir edilib. Azərbaycan milli oyunları məzmunu və icra xüsusiyyətlərinə görə bir neçə yerə ayrılır. Sözlü və sözsüz, oturaq və ayaqüstü oyunlarımız olduğu kimi, mövsümi və il boyu müraciət olunan oyunlarımız var. Uşaqlar və böyüklər üçün oyunlar olduğu kimi, həm uşaqlar, həm böyüklərin müştərək qatıldığı oyunlar da mövcuddur. Azərbaycan milli oyunlarının ən maraqlı istiqamətlərindən biri də atüstü oyunlardır. Azərbaycan milli oyunları Azərbaycan klassik ədəbiyyatının bir çox örnəklərində, orta əsrlər miniatürçü rəssamlarımızın tablolarında, səyyahlarımızın səfərnamələrində və tarixi salnamələrdə əks olunub”.
Daha sonra Azərbaycan alimi yazısında ilk dəfə olaraq Avropa elmi ictimaiyyətinə milli teatrımızın orta əsrlərdən gələn ənənələrindən, meydan tamaşalarından bəhs edərək XIX əsrdə təməli qoyulan peşəkar səhnə sənətimizin tarixindən maraqlı məqamları təqdim edir. Araşdırmada bütövlükdə Azərbaycan mədəniyyəti və konkret olaraq milli teatrımızın dünya mədəniyyəti və teatr sənəti ilə əsrlər boyu sıx əlaqələr və qarşılıqlı təsirlər əsasında inkişaf etməsi tutarlı dəlillərlə şərh edilir.
Təqdim olunan araşdırmada Azərbaycan ərazisində min ildən artıq bir müddətdə populyar olmuş milli oyunlarımızın özünəməxsus xüsusiyyətləri xronoloji ardıcıllıqla seyr və təhlil edilir.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Britaniyanin_nufuzlu_elmi_jurnalinda_Azerbaycan_aliminin_medeniyyet_tariximiz_haqqinda_arasdirmasi_derc_edilib-912465

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR