“Müasir Rusiyada nə oxuyurlar?” mövzusunda tədbir keçirilib

“Müasir Rusiyada nə oxuyurlar?” mövzusunda tədbir keçirilib
18:33 18 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 18 dekabr, AZƏRTAC
Dekabrın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Müasir Rusiyada nə oxuyurlar?” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, AMEA-nın, “Sodeystviye” Rusiya Mədəni-Təhsil Proqramlarına Dəstək Fondunun, Rusiya Dövlət Kitabxanasının və RF Regional Kitabxanalarının birgə təşəbbüsü ilə təşkil olunmuş tədbirdə AMEA MEK-in direktoru Leyla İmanova, Mədəniyyət və Turizm Nazirliyinin kitabxana sektorunun müdiri Lətifə Məmmədova, Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin rəhbəri Valentin Denisov, “Sodeystviye” Mədəni-Təhsil Proqramlarına Dəstək Fondunun direktor müavini Tatyana Mironova, Rusiya Dövlət Kitabxanasının mütəxəssislərinin ali təhsildən sonrakı və əlavə ixtisas təhsili tədris mərkəzinin müdiri Yekaterina Dudareva, ali məktəblərin və KİV-lərin nümayəndələri iştirak ediblər.
Tədbirin məqsədi Azərbaycan ictimaiyyətini ölkəmizdə təqdim olunacaq Rusiya çap məhsulları ilə tanış etmək, rus dilində kitabların əlyetərliliyi ilə bağlı aktual məsələləri müzakirə etməkdir.
Hər iki ölkədə mövcud olan mütaliə problemləri müzakirə edilib, xüsusən gənclər arasında mütaliənin populyarlaşdırılması yolları təklif olunub.
Qonaqlar tədbirə toplaşanları Rusiyada mütaliə səviyyəsi və oxucuların üstünlük verdiyi ədəbiyyat barədə məlumatlandırıblar. Bildirilib ki, rusiyalı oxucular klassiklərlə yanaşı müasir müəlliflərin əsərlərinə də müraciət edirlər.
Bu gün kitabxanaların tez-tez üzləşdiyi çətinliklər də qeyd edilib: yerli və xarici kitabxanalar arasında əlaqələrin zəif inkişaf etməsi, oxucu tələbatı olmayan kitabların çoxluğu üzündən yaranan maliyyə çətinlikləri və s.
Vurğulanıb ki, Azərbaycan ilə Rusiya arasında uzun illər boyu yaranmış möhkəm dostluq münasibətləri başqa sahələrlə yanaşı hər iki ölkədə ədəbiyyatın inkişafına da təsir göstərib.
Çıxış edənlər bildiriblər ki, bu gün Azərbaycan müəlliflərinin əsərlərinin xeyli hissəsi xarici dillərə tərcümə edilib, bu əsərlər ölkəmizin hüdudlarından kənarda, o cümlədən Rusiyada da məşhurlaşıb. Eyni zamanda rusiyalı ədəbiyyatçıların əsərlərini Azərbaycanda oxuyurlar. Bu əsərlər həm Azərbaycan dilinə tərcümə olunub, həm də rus dilində nəşr edilir.
Qeyd edilib ki, Azərbaycanda oxucuların xeyli hissəsi rus dilində ədəbiyyata üstünlük verir. Ölkəmizdə Rusiya mənbələri ilə yanaşı, Azərbaycanda rus dilində nəşr edilən jurnallar, elmi və bədii ədəbiyyat da geniş yayılır. Azərbaycanda rus ədəbiyyatının daha yüksək səviyyədə təmsil olunmasına şərait yaratmaq barədə xahişlər səslənib.
Tədbirin sonunda rusiyalı qonaqlara “Koroğlu”, “Terrorizm. Səbəb və nəticə”, “Erməni terrorçularının və bandit dəstələrinin bəşəriyyətə qarşı cinayətləri (XX-XXI əsrlər)” və başqa suvenir nəşrlər təqdim edilib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Muasir_Rusiyada_ne_oxuyurlar_movzusunda_tedbir_kechirilib-912490

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR