Tələbələr müasir tərcüməşünaslığın aktual problemlərini müzakirə edirlər

Tələbələr müasir tərcüməşünaslığın aktual problemlərini müzakirə edirlər
18:48 18 Dekabr 2015
35 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 18 dekabr, AZƏRTAC 
Dekabrın 18-də Bakı Slavyan Universitetində (BSU) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş “Müasir tərcüməşünaslığın və mədəniyyətşünaslığın aktual problemləri” mövzusunda XIV Beynəlxalq tələbə elmi-praktik konfransı keçirilib.
BSU-dan AZƏRTAC-a bildirilib ki, universitetin tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov bildirib ki, konfransın məqsədi müasir dövrdə azərbaycanşünaslığın inkişafı və dünya ölkələrində Azərbaycan dilinin tədrisi ilə bağlı məsələlərin tədqiqinə diqqətin cəlb edilməsidir. Tələbə elmi konfransı BSU-da ənənəvi keçirilir və beynəlxalq status qazanıb. Burada təkcə Azərbaycanın deyil, xarici ölkə universitetlərinin tələbələri də iştirak edirlər.
Tərcümə fakültəsinin təşkil etdiyi konfransı yüksək qiymətləndirən T.Cəfərov vurğulayıb ki, bu, gələcək tərcüməçilərimiz üçün böyük təcrübədir. Konfrans iştirakçılarına elmi fəaliyyətlərində uğurlar arzulayan prorektor onları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib.
Tərcümə fakültəsinin dekanı, dosent Səbinə Tarverdiyeva konfransın gedişatı barədə məlumat verib. Bildirilib ki, konfransa daxil olmuş 340 elmi tezisdən 260-ı seçilib. Konfransın işi ənənəvi olaraq “Tərcümə nəzəriyyəsi və tarixi”, “Dilçilik”, “Ədəbiyyatşünaslıq”, “İctimai elmlər və mədəniyyətşünaslıq” bölmələri üzrə aparılır. Bu ildən “Multikultural dünyada tərcümə” bölməsinin fəaliyyəti də nəzərdə tutulub.
Qeyd edilib ki, konfransa respublikanın aparıcı elm ocaqları ilə yanaşı, xarici ölkələrin nüfuzlu universitetlərinin tələbə və magistrantları da qatılıblar.
Konfrans çərçivəsində elmi diskussiyalar, seminarlar təşkil olunub, aktual mövzular ətrafında müzakirə və fikir mübadilələri aparılıb. Plenar iclasda iştirak edən tələbə və magistrantlar BSU ilə yaxından tanış olublar. Bölmələr üzrə məruzələr dinlənilib, fərqlənən tələbələrə konfransın sonunda diplomlar təqdim edilib. Konfransın materialları yaxın günlərdə məcmuə şəklində çap olunaraq iştirakçılara paylanacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Telebeler_muasir_tercumesunasligin_aktual_problemlerini_muzakire_edirler-912503

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR