Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində ABŞ səfiri ilə görüş keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində ABŞ səfiri ilə görüş keçirilib
19:23 18 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 18 dekabr, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Robert Sekuta ilə görüşüb.
Bu barədə AZƏRTAC-a Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə M.Qurbanlı vurğulayıb ki, Azərbaycan tolerantlıq və multikultural dəyərlərə görə dünyada nümunə ola biləcək ölkələrdən biridir. Müxtəlif dini konfessiyaların sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiyini qeyd edən komitə sədri ölkəmizdə dini tolerantlığın təbliği və radikalizmin qarşısının alınması ilə bağlı görülən işlər barədə danışıb.
ABŞ səfiri Azərbaycan dövlətinin tolerantlığın təşviqinə yönəlmiş fəaliyyətini regionda və dünyada sabitliyə töhfə kimi qiymətləndirib. O qeyd edib ki, dini radikalizmə və terrorizmə qarşı mübarizə bütün ölkələrin səylərini birləşdirməyi zəruri edir.
Görüşdə komitə sədri ABŞ Konqresinin Helsinki Komissiyasının rəhbəri, konqresmen Kris Smit tərəfindən irəli sürülmüş qanun layihəsi ilə bağlı fikirlərini səfirin diqqətinə çatdırıb. Bildirib ki, həmin qanun layihəsi bütövlükdə qərəzlidir və həqiqəti əks etdirmir. Bu tipli cəhdlər ABŞ-Azərbaycan münasibətlərinə xələl gətirməklə yanaşı, Azərbaycan ictimaiyyətinin haqlı narazılığına səbəb olub. Çünki qanun layihəsi ABŞ-da fəaliyyət göstərən erməni diasporunun və onlarla bağlı olan müəyyən dairələrin Azərbaycana qarşı növbəti təxribatıdır. Azərbaycanda tarixən müsəlman, pravoslav, yəhudi və digər dini icmaların dinc, yanaşı şəkildə yaşamaları, ölkəmizin multikulturalizm və tolerantlıq ənənələri bütün dünyaya nümunədir. Qanun layihəsində Azərbaycanda dini azadlıqların pozulması haqqında iddiaların heç bir əsası yoxdur.
Komitə sədri belə bir sənədin qəbul olunmasının Azərbaycanla ABŞ arasında mövcud olan strateji əməkdaşlıq münasibətlərinə ciddi ziyan vura biləcəyini səfirin diqqətinə çatdırıb və ümidvar olduğunu bildirib ki, Konqres bu sənədə səs verməyəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dini_Qurumlarla_Is_uzre_Dovlet_Komitesinde_ABS_sefiri_ile_gorus_kechirilib-912524

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR