“Tufandağ”da xizəkçilik mövsümünün açılışı olub

“Tufandağ”da xizəkçilik mövsümünün açılışı olub
19:24 18 Dekabr 2015
20 Sosial
Ölkə mətbuatı
A- A+

 

Dekabrın 18-də Qəbələ rayonundakı “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksində yeni xizəkçilik mövsümünün açılışı olub və dağ-xizək idman növü üzrə ödənişsiz təlimlərə start verilib.

 

Kompleksin direktoru Əvəz Nəbiyev APA-nın yerli bürosuna bildirib ki, orta məktəb şagirdlərinin dağ-xizək idman növünə marağının artırılması, xizəkçiliyin sirlərinə yiyələnməsi və onların peşəkar idmançı kimi yetişdirilməsi üçün kompleksdə hər cür şərait yaradılıb. Bu xizək mövsümündə Qəbələ və ətraf rayonların şagirdləri qrafikə uyğun olaraq kompleksdə göstərilən kanat və xizək xidmətlərindən bəhrələnəcəklər. Peşəkar təlimçilər kompleksin yeni xizəkçilik məktəbində yeniyetmə qız və oğlanlara 50 dəqiqə ərzində buz üstə xizəklə düz sürüşməyi, sağa və ya sola dönməyi və dayanmağı öyrədirlər. Şagirdlərin məktəbdən kompleksə gətirilməsi və geri qaytarılması üçün avtobuslar təşkil olunur, onlar xizək geyim formaları ilə təmin edilir.

 

Kompleksdə şagirdlərin təhlükəsizliyinin təmin olunması üçün patrul və sağlamlığı üçün həkim qrupu fəaliyyət göstərir. Şagirdlərin böyük marağına səbəb olan bu təmənnasız xizəkçilik təlimləri martın sonunadək davam etdiriləcək. Ölkəmizdə qış turizminin inkişafına kömək məqsədilə keçirilən bu təlimlərdə iştirak edən yeniyetmə və gənclər arasında gələcəkdə müxtəlif yarışların təşkil olunması və onların yerli və beynəlxalq turnirlərdə iştirakının təmin olunması nəzərdə tutulur. Şagirdlər üçün ötən xizəkçilik mövsümündə də pulsuz təlimlər təşkil edilmişdi və ümumilikdə 1000-dən çox məktəbli təlimlərdən bəhrələnərək xizəkçiliyin sirlərinə yiyələnib. Həmçinin, kompleks tərəfindən KİV nümayəndələri üçün ayda iki dəfə dağ-xizək idmanı üzrə ödənişsiz olaraq təlimlərin təşkili, onların kanat, otel və restoran xidmətlərindən pulsuz bəhrələnməsi üçün tədbirlərin görülməsi nəzərdə tutulur. Hazırda xizək yolunda 8 sürüşmə zolağı turistlərin istifadəsinə verilib. Turistlər xizəkdən istifadə etmək üçün isə yarım gün üçün 20 manat ödəməli olurlar.

 

Əvəz Nəbiyev qeyd edib ki, bölgədə ən çox turist qəbul edən “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksinin tikintisində işlərin birinci mərhələsi başa çatdırılıb və hazırda ikinci mərhələ üzrə işlər görülür. Ötən il yanvarın 3-də ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilən kompleksin 4 kanat xəttinin hamısı və 10 xizək yolundan 8-də tikinti işləri başa çatdırılıb, turistlərin istirahətinin təşkili üçün hər cür şəraiti olan restoranlar və beşulduzlu “Tufandağ” oteli açılıb, bütün dağ-xizək yolu süni qar yağdıran generasiya sistemi ilə təchiz edilib və gün ərzində kompleksdə 3 min nəfərə xidmət göstərilməsi üçün şərait yaradılıb. Ümumilikdə 4 kanat xəttinin uzunluğu 6 kilometr, 10 xizək yolunun uzunluğu 17 kilometrdir. 

 

Kompleks rəhbərinin sözlərinə görə “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksinin xidmətlərindən ötən iki il ərzində 270 min nəfər yerli və xarici qonaq bəhrələnib. Hazırda kompleksin ərazisi qalın qar örtüyü ilə əhatə olunub və xizəkçilik üçün əlverişli şərait mövcuddur. Qarşıdakı günlərdə, eləcə də Dünya Azərbaycanlarının Həmrəyliyi Günü və Yeni İl bayramları ilə əlaqədar tətil günlərində Bakıdan, respublikanın müxtəlif şəhər və rayonlarından, xarici ölkələrdən 20 minə yaxın xizək həvəskarının Qəbələyə gələcəyi gözlənilir. Hazırda müxtəlif turizm şirkətləri tərəfindən “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksinə xizəkçiliklə əlaqədar xüsusi turlar təşkil edilir.

 

Turistlər əvvəlcə kanat yolu ilə qarla örtülmüş uca dağların zirvəsinə qalxaraq oradan Qəbələ şəhərini, Duruca kəndini və ətrafdakı çayları, meşələri seyr edirlər. Turistlər bir nəfər üçün 10 manat ödəməklə kompleksin 4 kanat yolu ilə dağlarda 6 kilometr məsafə qət edə bilirlər. Turistlərin 1660 metr hündürlüyə qalxaraq dağın zirvəsindəki kafe və restoran xidmətlərindən də bəhrələnmək imkanları da var. Kompleksin ərazisində böyüklər və uşaqların istirahəti üçün hər cür şərait mövcuddur.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225765

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR