Hərbçilərin dəfn qaydası dəyişdirildi

Hərbçilərin dəfn qaydası dəyişdirildi
19:36 18 Dekabr 2015
62 Digər
Ölkə mətbuatı
A- A+

Həlak olan hərbi qulluqçuların yüksək ehtiramla dəfn edilməsi üçün qanuna dəyişiklik edildi. ANSPRESS-in məlumatına görə, bundan sonra dəfn edilən hərbçinin tabutu Azərbaycan bayrağına bürünəcək.

Milli Məclis Azərbaycanın hərbi qulluqçuların dəfn qaydalarının dəyişdirilməsi barədə qanun layihəsini qəbul edib. Həmin sənəd qanunvericilik təşəbbüsü qaydasında prezident İlham Əliyev tərəfindən parlamentə göndərilib.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında”“ qanun layihəsi barəsində Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verib.


Ziyafət Əsgərov - Milli Məclisin vitse-spikeri


“Məqsəd hərbçilərin dəfn mərasimlərinin təşkili və keçirilməsinin prosedur qaydalarının təkmilləşdirilməsidir. 1994-cü ildə qəbul edilən nizamnamənin 18-ci fəsli yeni redaksiyada verilib. Burada bildirilir ki, hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar vəfat etmiş hərbi qulluqçuların, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış 20 il və daha çox xidmət etmiş ali və baş zabitlərin, “Şöhrət” ordeni" və “Şah İsmayıl” ali hərbi ordeni ilə təltif edilmiş həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmış və qanunlarda nəzərdə tutulmuş digər şəxslərin dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilir. Ehtiramın göstərilməsi zamanı hərbçilərin tabutu Azərbaycanın Dövlət bayrağı ilə örtüləcək”.

Yeni qanun layihəsində həmçinin həlak olan hərbçinin dəfn mərasiminə dəvət olunan müxtəlif dövlət orqanları və QHT nümayəndələrindən ibarət fəxri qaravulun düzülməsi yer alıb. Habelə, şəhid adı verilən hərbi qulluqçuların xatirəsinə ehtiram olaraq hərbi hissələrdə xüsusi guşənin yaradılması nəzərdə tutulub.

Yeni layihəyə həmçinin dəfn mərasimlərinin təşkili və qaydaları adlı 16 saylı əlavə daxil edilib. Burda isə vəfat etmiş hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər barədə məlumatlandırma, onların əşyaları, cənazənin dəfn yerinə gətirilməsi, dəfn mərasiminin keçirilməsi və digər məsələlər öz əksini tapıb.

“Azərbaycan Silahlı Qüvvələrinin Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsi” 1994-cü il sentyabrın 23-də qəbul edilib.

Son vaxtlaradək xidməti-döyüş tapşırığını yerinə yetirərkən dünyasını dəyişmiş hərbi qulluqçuların dəfn mərasimləri bəzi hallar istisna olmaqla, adi qaydada təşkil olunurdu.


Xarici ölkələrə nəzər saldıqda, müəyyən fərqlər olsa da, hərbi qulluqçuların dəfnində əsas qaydalar demək olar ki, eynidir. Məsələn, ABŞ hərbi sisteminin protokoluna görə, ölkənin bütün hərbi veteranları təntənəli dəfn olunmaq hüququna malikdirlər. Dəfn prosesində fəxri müşayiət təşkil edilir ki, burda ayrı-ayrı bölmələrin hərbi qulluqçuları yer alır. Bundan başqa, mərasimdə hərbi orkestrin, cənazə üçün qarovul və dəfn zamanı əsgərlərin müşayiəti mütləqdir.

Cənazə son mənzilə xüsusi avtomobillərdə aparılır. Cənazənin üzərinə ABŞ bayrağı və hərbi qulluqçunun baş geyimi qoyulur. Sonda hərbçinin xidmət dövründə təltif olunduğu orden və medallar nümayiş etdirilir. Cənazənin torpağa tapşırılması zamanı dövlət himni səslənir. Himn 3 yaylım atəşi ilə müşayiət olunur. 1938-ci ildən başlayaraq Amerikada dövlət dəfnləri zamanı hərbi təyyarələr xüsusi düzülüşdə uçuş həyata keçirir.


ABŞ-da hərbçinin dəfn mərasimi


Böyük Britaniyada da hərbi dəfnlər zamanı hərbi qulluqçunun dövlət bayrağına bürünmüş cənazəsi hərbi hissələrin yerləşdiyi küçələr boyu aparılaraq qəbiristanlığa yönəldilir. Bu zaman cənazəni müşayiət edən fəxri qarovul dəstəsi əllərindəki silahları qundağı aşağı vəziyyətdə saxlayırlar.


Böyük Britaniyada hərbçinin dəfn mərasimi


Qonşu Türkiyədə də həlak olan hərbçilər xüsusi ehtiramla son mənzilə yola salınır. Şəhidlərin dəfninə güc strukturlarının rəsmilərinin, eləcə də dövlət xadimlərinin qatılması həlak olan hərbçiyə xüsusi hörməti göstərir.


Türkiyədə şəhid dəfni






Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367627

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR