Hikmət Hacıyev: Ermənistan təxribat əməlləri ilə vəziyyəti qəsdən gərginləşdirir

Hikmət Hacıyev: Ermənistan təxribat əməlləri ilə vəziyyəti qəsdən gərginləşdirir
21:53 18 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 18 dekabr, AZƏRTAC
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesi çərçivəsində prezidentlər və ya digər səviyyələrdə görüşlərin keçirildiyi ərəfədə, yaxud görüşlərdən sonra Ermənistan tərəfindən qəsdən vəziyyətin gərginləndirilməsi, təxribat-diversiya əməllərinin törədilməsi həyata keçirilir.
Bu fikri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın açıqlamasına cavab olaraq bildirib.
H.Hacıyev qeyd edib ki, rəsmi Yerevan 2014-cü ilin noyabrında Fransa Prezidenti Fransua Ollandın təşəbbüsü ilə Parisdə keçirilmiş Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən dərhal sonra təxribatçı məqsədlərlə Azərbaycanın işğal olunmuş ərazilərində 46 min şəxsi heyətin və 5 mindən artıq texnikanın iştırakı ilə genişmiqyaslı hərbi təlim keçirərək məlum helikopter insidentinin baş verməsinə rəvac verdi. Bu ilin sentyabrında Nyu-Yorkda ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə xarici işlər nazirləri səviyyəsində görüşün keçirilməsi, dekabrda isə Belqradda ATƏT-in Nazirlər Şurasının iclası zamanı Ermənistan tərəfindən yenə də qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca atəşkəsin intensiv şəkildə pozulmasına yol açan təxribatçı əməllərə əl atıldı.
Azərbaycan və Ermənistan prezidentlərinin dekabrın 19-da İsveçrədə keçirilməsi planlaşdırılan görüşü ərəfəsində də Ermənistan tərəfindən insan itkisi ilə müşayiət olunan təxribat-diversiya əməllərinin törədilməsi həyata keçirilir. Hətta qoşunların təmas xəttinə yaxın ərazilərdə və Ermənistan-Azərbaycan sərhədi boyunca mülki obyektlər hədəfə alınır.
Ermənistan bu kimi təxribat əməlləri ilə qəsdən vəziyyəti gərginləşdirərək hər bir vəchlə danışıqlar prosesini pozmaq, münaqişənin həllində irəliləyişə nail olunmasına imkan verməmək, qeyri-davamlı və qəbuledilməz olan status-kvonu saxlamaq məqsədi güdür. Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində mövcudluğu münaqişənin həllinə başlıca maneə olaraq vəziyyətin gərginləşməsinə və insidentlərin baş verməsinə xidmət edir.
Münaqişənin həllinə nail olmaq və regionda davamlı sülhü bərqərar etmək üçün BMT Təhlükəsizlik Şurasının müvafiq dörd qətnaməsinin tələblərinə uyğun olaraq, ilk növbədə, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş bütün Azərbaycan ərazilərindən çıxarılması, qaçqın və məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtması təmin olunmalıdır. Təcavüzkar və işğalçı dövlət kimi yaranmış vəziyyətə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Hikmet_Haciyev_Ermenistan_texribat_emelleri_ile_veziyyeti_qesden_gerginlesdirir-912565

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR