Nardaranda növbəti xüsusi əməliyyat

Nardaranda növbəti xüsusi əməliyyat
03:01 19 Dekabr 2015
141 Ölkə
Ölkə mətbuatı
A- A+

Dekabrın 18-də günorta saatlarında Nardaranda keçirilən əməliyyat zamanı daha 3 nəfər saxlanılıb.

Məlumata görə, 5 nəfər isə səhər saatlarında keçirilən əməliyyat zamanı saxlanılmışdı.

Bu barədə məlumatı musavat.com-a Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov verib.

Onun sözlərinə görə, kənddə evlərdə və həyətyanı sahələrdə hüquq-mühafizə orqanları tərəfindən axtarışlar davam edir, axtarışda polis əməkdaşları və xüsusi təyinatlılar iştirak edir.

Xatırladaq ki, dekabrın 4-dən Nardaran Daxili Qoşunların və polisin nəzarətindədir. Nardaran sakinlərindən başqa heç kim kəndə buraxılmır. Kənddə keçirilən əməliyyatlar zamanı xeyli sayda saxlanılan var.


Natiq Kərimov - Nardaran Ağsaqqallar Şurasının sədri

Noyabrın 26-da Bakının Nardaran qəsəbəsində silahlı insident baş verib. İnsident zamanı ölən və yaralananlar olub. Hadisədən sonra Azərbaycan respublikası Daxili İşlər Nazirliyi və Baş Prokurorluğu məsələ ilə bağlı birgə məlumat yayıb.

Müəyyən olunub ki, Taleh Kamil oğlu Bağırov, Elman Seydəmir oğlu Ağayev, Zülfüqar Sədrəddin oğlu Mikayılov və Əbülfəz Heydət oğlu Bünyatov dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə edilən dini dövlət qurulması məqsədilə "Müsəlman birliyi" adlı hərəkat yaradıblar.



Adları çəkilən şəxslər Bakı şəhərindən və respublikanın digər bölgələrindən özlərinə tərəfdarlar toplamış, onları müxtəlif növ odlu silah, döyüş sursatı, partlayıcı maddə və qurğularla təchiz edərək cinayətkar dəstə təşkil etmişlər.

Həmçinin, paytaxtın Nardaran qəsəbəsində qanunsuz yığıncaqlar keçirərək respublikanın əhalisini hakimiyyətə qarşı qaldırmağın yollarını müzakirə etmiş, bununla bağlı tərəfdarlarına göstərişlər vermiş və əhaliyə çağırış vərəqələri paylayıblar.

Silahlı cinayətkar dəstənin hər bir üzvünün üzərinə düşən konkret vəzifələr, o cümlədən hakimiyyət nümayəndələrinə qarşı terror aktları törədəcək məsul şəxslər müəyyən edilib.



Noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılmış, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib. 2 əməkdaş qəhrəmancasına həlak olub.

Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=367656

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR