Putinin iddia və ittihamları nələrə səbəb olacaq?

Putinin iddia və ittihamları nələrə səbəb olacaq?
10:17 19 Dekabr 2015
75 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putin hakimiyyətə gəldiyi vaxtdan ənənəyə çevirdiyi illik mətbuat konfransını keçirdi. Dekabrın 17-də keçirdiyi mətbuat konfransı Putinin illik 11-ci mətbuat konfransı idi. Yüzlərlə jurnalistin qatıldığı mətbuat konfransı televiziyalarla canlı yayımlandı və Putin çoxsaylı suallara özünə xas arxayınlıqla cavablar verdi. 

Onun bir sıra suallara cavabları isə bəyanat xarakterli hesab edilə bilərdi. İki gündür dünya mediasının diqqət mərkəzində olan mətbuat konfransında Putinin dilindən səslənən bəyanatların, açıqlamaların dünya düzəninə ciddi təsiri olacaqmı?

Milli.Az musavat.com-a istinadən bildirir ki, politoloq Elxan Şahinoğlu hesab edir ki, Vladimir Putinin mətbuat konfransında verdiyi bəyanatlar, səsləndirdiyi fikirlər xeyli vaxtdır onun dilindən ifadə edilir, ona görə də həmin bəyanatlar yenilik kimi qəbul edilmir və dünya düzənində yeni nələrəsə gətirib çıxarmayacaq. Həmin mətbuat konfransında bir daha məlum oldu ki, Rusiyanın dünyada faktiki olaraq ciddi dostu qalmayıb:

"Rusiya prezidenti faktiki olaraq mətbuat konfransı boyunca hər kəsi hədələdi. Amma bir dənə də olsun dost dövlət adını çəkmədi. Mətbuat konfransında söylənən bir çox fikirlər bir çox dövlətləri Rusiyaya qəzəbləndirə bilər. Bundan o tərəfə dünya düzəninə hansısa təsirinin olacağı gözlənilmir. Rusiya prezidenti təkcə Türkiyəni deyil, Səudiyyə Ərəbistanını, Qətəri, Ukraynanı da aşağıladı. Bir dənə də olsun dövlətə təşəkkür etmədi. Bu məqamın özü göstərir ki, artıq Rusiyanın dostu qalmayıb.  Məncə, Putinin illik geniş mətbuat konfranslarında məqsədi bunlardır: 1) Mən ən çətin suallara belə cavab verməyə hazıram; 2) Mən Qərb liderlərindən fərqli olaraq daha ağıllı və hazırcavabam; 3) Mən bu yolla daxili və xarici auditoriyaya önəmli mesajlar yollayıram. Son mətbuat konfransında özünü mümkün olduğu qədər arxayın, heç nədən çəkinməyən görkəmdə göstərməyə çalışması da bunlarla bağlıdır".

Ekspert vurğuladı ki, bəlkə də əvvəl bu prinsiplər işləyirdi. Ancaq liderə bəzən çox danışmaq və hər suala cavab vermək də ziyanlıdır: "Putin mətbuat konfransında Ərdoğanı təhqir etdi, ukraynalıları aşağıladı, Səudiyyə Ərəbistanına ağıl öyrətdi, lakin Rusiya iqtisadiyyatını necə düzəldəcəyinə dair tutarlı yanaşma ortaya qoymadı. Bütün bunlar isə Putinə əlavə divident gətirmədi, əksinə, düşmənlərini daha da qıcıqlandırdı. Rusiyada iqtisadi vəziyyət çox ağırdır, xalq bu durumun düzəlməsini gözlədiyi bir vaxtda ölkənin rəhbəri xariclə uğraşır. Belə  bir mənzərə, şübhəsiz ki, Rusiya ictimaiyyətini getdikcə narazı salır. Putinin mətbuat konfransındakı bəyanatları dünya düzənindəki proseslərdən çox, Rusiyanın daxilinə təsir edə bilər".
 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/391085.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR