Bu il 15 uşağın dövlət uşaq müəssisələrinə düşməsinin qarşısı alınıb

13:07 30 Dekabr 2014
79 Digər
Ölkə mətbuatı
A- A+

[ 30 Dekabr 2014 13:02 ]

Bakı. Könül Kamilqızı – APA. Bu il Təhsil Nazirliyi tərəfindən “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi"nin (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər) icrası çərçivəsində həyata keçirilmiş tədbirlər açıqlanıb.

 

Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Azərbaycanda fəaliyyət göstərən 42 dövlət uşaq müəssisəsində 9903 şagird təlim-tərbiyə alır. Onlardan 3548 nəfəri həmin müəssisələrdə gecələyir. 2013-2014-cü tədris ilində dövlət uşaq müəssisələrini 716 nəfər məzun bitirib. Onlardan 48 nəfər ali məktəblərə, 29 nəfər orta ixtisas, 91 nəfər isə ilk peşə-ixtisas təhsili müəssisələrinə daxil olub.

 

Uşaqlara və ailələrə dəstək xidmətlərinin yaradılması, risk qrupundan olan uşaqlar və ailələr arasında sistemli preventiv tədbirlərin görülməsi nəticəsində bu günə qədər ölkə üzrə ümumilikdə 589, 2014-cü ildə isə 15 nəfər uşağın dövlət uşaq müəssisələrinə düşməsinin qarşısı alınıb. 2014-cü ildə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəbləri və uşaq evlərində yaşayan 33 nəfər uşaq bioloji ailələrinin və yaxın qohumlarının himayəsinə qaytarılıb. Təhsil Nazirliyinin övladlığa götürülən uşaqların mərkəzləşdirilmiş siyahısında olan 10 nəfər uşaq (4 nəfər uşağın isə övladlığa götürülməsi ilə bağlı məsələyə hazırda aidiyyəti üzrə rayon məhkəmələrində baxılır) övladlığa verilib.

 

Təhsil Nazirliyinin investisiya proqramına əsasən Lənkəran şəhərində oğlanlar üçün Ailə tipli kiçik qrup evinin tikintisinə başlanılıb. Həmçinin, Lənkəran şəhər uşaq evinin ləğv edilməsi və onun bazasında Günərzi qayğı mərkəzinin yaradılması ilə bağlı Nazirlər Kabinetinə müvafiq təklif göndərilib. İndiyə qədər bu istiqamətdə həyata keçirilmiş tədbirlər nəticəsində 12 internat məktəbi transformasiya olunub, 2 internat məktəbi isə ləğv edilib. Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli və 3 nömrəli respublika xüsusi internat məktəbləri Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunub. Hazırda Bakı şəhərində yerləşən 3 internat məktəbində əsaslı təmir və tikinti işləri yerinə yetirilir. 4 internat məktəbində isə 2015-ci ildə təmir işlərinə başlanması nəzərdə tutulur.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR