"Dollar istəyənə satırıq" - FOTO

"Dollar istəyənə satırıq" - FOTO
16:12 19 Dekabr 2015
95 Digər
Ölkə mətbuatı
A- A+

Əhalinin banklardakı əmanətləri noyabrda 138,9 milyon manat azalaraq bu ayın əvvəlinə milli valyuta ekvivalentində 7,2 milyard manat təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsindən baku.ws-ə bildiriblər ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə əmanətlərin həcmi 2,4 faiz və ya 167,5 milyon manat artıb. Bakıda valyuta bazarında yaranan çaxnaşmanın səbəbi isə əhali arasında dolların manata nisbətən bahalaşması söhbətlərinin gəzməsidir. Ötən gün Mərkəzi Bankın devalvasiya xəbərdarlığından sonra isə valyuta bazarında vəziyyət bir az da gərginləşib.
 
Bu qənaətə valyutadəyişmə məntəqələrində kiçik araşdırmalardan sonra gəldik. Araşdırmalar zamanı məlum oldu ki, hazırda paytaxt əhalisi arasında dolların bahalaşması ilə bağlı həyəcan yaşanır. Vətəndaşlar kütləvi şəkildə valyutadəyişmə məntəqələrinə üz tuturlar. Əhali əlində olan manatı ABŞ dollarına çevirməyə can atır. Valyutadəyişmə məntəqələrinin sahibləri deyirlər ki, son 3 həftə ərzində dollara olan təlabat təxminən 40 faiz artıb. 

"Səhər saatlarından etibarən çox sayda insan dollar almaq üçün məntəqələrin qarşısına toplaşır. Biz də dollar istəyənlərə dollar satırıq", - deyə məntəqə işçiləri bildiriblər.

Onların sözlərinə görə, dolları manata dəyişmək istəyənlərin sayı isə təxminən 50-60 faiz azalıb. Dollara tələbatın artmasına baxmayaraq valyuta bazarında dollar qıtlığı hiss olunmur. Valyutadəyişmə məntəqələrin təxminən 70 faizində dollar satılır. Dolları isə 1,056, bəzi yerlərdə 1,07 manata satırlar.  

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı (AMB) dekabrın 17-də mütəşəkkil banklararası valyuta bazarına təxminən 153 mln. ABŞ dolları həcmində valyuta intervensiyası həyata keçirib. Bununla da bu həftənin ilk 4 iş günü ərzində AMB-nin valyuta satışı 493 mln. dollara çatıb. Həftənin ilk günü (dekabrın 14-də) satış 102 mln. dollar, ikinci gün (dekabrın 15-də) 101 mln. dollar, üçüncü günü (dekabrın 16-da) isə 137 mln. dollara yaxın olub. Orta hesabla bu həftə gündəlik valyuta intervensiyası 123,25 mln. dollar təşkil edib. Bu, keçən həftənin analoji göstəricisi ilə müqayisədə 93% çoxdur.

Milli.Az









Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/391574.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR