Mən də intihar etdim

Mən də intihar etdim
16:46 19 Dekabr 2015
137 Şou
Ölkə mətbuatı
A- A+

Bir maksimalist olaraq facebooku DİBİNƏ KİMİ yaşadım. Virtual yatıb, virtual oyandım. Yediyim ortada, geyindiklərim vitrində, ailəm, gündəlik qayğılarım, sözüm-söhbətim, yazdıqlarım – ağlınıza gələn hər şeyi paylaşırdım. Bütün bunlar minlərlə insana xoş idi, bəyənənlərin sayı-hesabı yox idi. Amma haqq üçün deyim ki, bəyənmədiyini dilə gətirən və gətirməyənlər də az deyildi. Bəyənməkçün də, bəyənməməkçün də hərənin özünə görə bir səbəbi vardı. Kimi haqlı, kimi nahaq...

Sözüm onda yox. Bir daha altını cızaraq vurğulayıram ki, bir maksimalist olaraq facebooku dibinə kimi yaşadım və mən həqiqətən də bu sosial şəbəkənin minlərlə izləyicisi olan, hər paylaşımı təqib olunan, sevilən, tanınan siması idim. Hətta dostlar arasında “Sevinc facebooku Markla şərikli işlədir” deyib zarafat edənlər də vardı.

Günün biri elə bil yatmışdım, yuxudan dik atılıb oyandım. Bu nədi axı?! Sosial şəbəkələrin mənə qazandırdığı və itirtdiyi şeyləri qoydum tərəzimə. Hansı ağır gəldi? – bu sualın cavabı maraqlıdısa, oxumağa davam edin.

Facebook insanlara tribuna verdi. Hər kəsin öz sözünü, fikrini, münasibətini bildirmək haqqı var və bu meydan sənindir dedi. Baho! Dəliyə meydan ver, özün də keç dur qıraqda. Hər kəs özünü həqiqətən də söz demək, hadisələrə münasibət bildirmək, qınamaq, alqışlamaq məcburiyyətində hiss etdi. Və bu kürsü mənimdir, mən burdan istədiyimi deyə bilərəm, xoşun gəlmirsə, haydı blok qutusuna! Amma insanlar bu məqamda bir şeyi unutdular – bir barmağınla kimisə göstərəndə digərləri özünü göstərir. Və ya gözündəki şalbanı görməyib, başqasında tir axtaranlar sürüsü ortaya çıxdı. Üstəlik, heç kəs özünə bu sualı vermədi – mənim bunu demək haqqımdırmı? Mən kiməm?

Doğrudan, mən kiməm sualına cavab vermək üçün facebook əla imkan yaratdı. Şəxsən mən ötən illərdəki facebook “fəaliyyətimə” nəzər yetirəndə özüm haqda çox şeylərdən agah oldum. Mən necə də səmimi, dürüst, maraqlı, xoş, pozitiv (yeri gəlmişkən, izləyicilərim bu sözdən də iyrəndirmişdilər məni), bəzən gülməli, bəzən ağlamalı, bəzən axmaq, bəzən saf, bəzən deyingən, bəzən boşboğaz və s. və s. adammışam. Tamam, mən axmağam, bəs bu insanlara nolub? İndi yuxarıdan aşağı baxdığım statuslarıma nə qədər insan xoş münasibət bildirib, nə qədərinin ürəyi açılıb. Doğrudanmı maraqlı idi? İynənin ucu boyda da gülümsəməyim gəlmir... Bir sözlə, özümə kənardan baxmaq imkanı yaratdı facebook. Amma əsl gördüklərimi profilimi deaktiv edəndən sonra GÖRDÜM.

Belə bir test: çox deyil, 3-4 aylıq hesabınızı bağlayın. Bilirəm, bu, olduqca çətin bir şeydir. Zombiləşdirilməyə təhkim olunmuş, iradəsini sosial şəbəkədə itirməkdə olan, narkotika kimi asılılıq yaradan, beynin hansısa hüceyrələrinə xitab edib, bu virtual məkanda “tutulub-saxlanılan” insanlar üçün belə bir şey etmək dəhşətdir. Siz indi mənə yüzdən çox bəhanə gətirərsiz. Guya iş, təhsil, xəbər və s. kimi bir yığın “səbəbiniz” çıxar ortaya. (Məncə, boşanmaq üçün insanların bircə səbəbi olur – sevgi bitir. Gerisi bəhanə. Facebook üçün də bu keçərlidir). Mənsə olduqca sadə bir xalq məsəli ilə sizə cavab verərəm: - Xoruz yox idi, səhər açılmırdı?

Qayıdaq testə. İradəmizi işə salıb facebooku bağlayırıq və bir neçə suala bir neçə ay ərzində cavab axtarırıq və bunu analiz edirik:

Mən kiməm?

O tribunada özünü “ulduz” hesab edən zamanlarda “başına fırlanan” adamlar sabun köpüyünə döndülər, elədir? Minlərlə “fanat” ordusu hardadı? Hansı günündə yanında oldular? Səni kim axtarır? Yenə real dost-tanışın, qohum-əqrabanın ümidinə qaldın, hə? “Mən kiməm” qədər çətin sual tanımıram mən hələ də. Doğrudan, realda sən kimsən?

Kimə lazımam?

Fəzada gerçək və ya saxta kimlikləri uçuşan virtual dostlara, yoxsa realda enerji mübadiləsi etdiyin, söhbətinə doymadığın, görməyi, toxunmağı, öpməyi istədiyin adamlara? Yox, siz əgər bu məqamda iddia etsək ki, siz reala da virtual qədər zaman ayırırsız, onda mən sizə ürəkdən gülüb, “ay yalançı” deyə başımı bulayacağam. Çünki mən sizi küçədə, restoranda, dostlarınızla yol gedərkən, sevdiyinizlə masa ətrafında, avtobusda, qonaqlıqda, toyda – ağlınıza gələn və gəlməyən hər yerdə başı aşağı telefonla uğraşarkən görürəm. Siz realdakıların da haqqını virtualdakılara verirsiz.

Mənim fikrim kimə və ya nəyə xidmət edir? Mən sözümü desəm nə dəyişir, deməsəm nə dəyişir? Mən bu paylaşımı etsəm nolur, etməsəm nolur?

Orda sözünü deyirdin, hə? İndi o sözü bir də ürəyində de. Nə dəyişdi? Hə, orda dağı dağ üstə qoyurdun, indi alınmadı! Axx, dünyanı dəyişdirmək istəyən adam, axx...

Edilən müzakirələrin (ən ciddi anlamda belə) nəyə xeyri var?

Məsələn, heç profili deaktiv etmədən də bu suala cavab tapa bilərsən. Bir ciddi mövzulu statusun altında rəyini yaz, amma paylaşmadan sil. İndi bir də ümumi tabloya bax. Bahooo! Oxucular nələr itirdiləəər?! Əminəm, sən də mənim kimi gülümsəyirsən indi. Əslində nə qədər lazımsızdır, faydasızdır fərqindəsən. Bir şey ki reallaşa bilmir, virtualdan real dünyaya ötürülüb fayda vermir, bu nəyə lazımdı? Qədim şumerlər gözəllik meyarı olaraq faydalılığı qəbul edirdilər. Bu faktı nə qədər faydalı olub-olmadığını anlamaq üçün xatırlatdım. Birmənalı olaraq əminəm – heç bir mübahisə işə yaramır. İnsanları fikrindən daşındırmaq istəyi mənasızdır. Zatən hər kəs öz fikrində qalacaq. İnsanın özü o qənaətə gəlməyincə, həqiqətə özü çatmayınca onu buna inandırmaq mümkün deyil. Və ya sənin ürəyin yanır ona? İstəyirsən o da həqiqəti bilsin? Yaxşı-yaxşı, bütün bunların ağıllı görünmək ehtirasından gəldiyini anlayacaq qədər böyümüşəm mən.

Mən sosial şəbəkədə olduğum zamanda, daha doğrusu, bura sərf etdiyim vaxtda nələri qazandım, nələri itirdim?

İlk ağla gələn cavab – itirilən VAXTDIR! O vaxt ki, hər an bitə bilər və bizim yarımçıq işlərimiz var. Sevdiklərimizə ayırmadığımız zamanımız var. Boşuna sərf olunan vaxt qədər faciəli heç nə yoxdur həyatımızda. Qazanca gəlincə, dost qazandım deyəcəksiz. Zəhmət olmasa, bu sözü bir də təkrar edin – “DOST QAZANDIM”. Doğrudan? Onlar sizin həqiqi dostlarınızdılar? Like etməklə dost olunur? Sizin həqiqətən də dost anlayışınız budur? Təbii ki, istisnaları da danmırıq – həqiqətən yaxşı tanışlar ortaya çıxdı. Ancaq bu qazanc bizim itirdiyimiz zamandan irəli deyil! Ahhh, sənin nə qədər görüləsi işin var, dostum...

Bütün bu və bu kimi suallara cavab tapandan sonra sosial şəbəkəyə qayıtmaq arzun olarsa, mən aylıq qazancımın 1/3 hissəsini sənə bağışlayaram. Ancaq məni səmimiyyətinə inandırsan.

Mən sosial şəbəkələrin insanları zombiləşdirdiyinə inanıram. Adda ünsiyyət vasitəsidir. Gerçəkdə isə insanları bir-birindən uzaqlaşdıran, robotlaşdıran bir vasitədir. Bütün yaradılan yaxşı şeylərin arxasında pis nəsə mütləq var. Bir kiçik tablet dərman belə bir yerinə fayda verdiyi an başqa bir orqanına zərər verir, unutma. Sosial şəbəkənin faydalı tərəflərini sadalayarkən, zərərlərini də götür-qoy elə. Dəyərmi?

Ən böyük ağrılara belə laqeyd olmusuz, fərqində deyilsiz. Səhifənizdəki savaşda həlak olan körpələrin şəklini paylaşaraq “allah rəhmət eləsin” deyirsiz və əlinizdəki bir fincan çaydan rahat-rahat qurtumlaya bilirsiz. Bu ki dəhşətdir! Bu biganəliklə bir gün özünüz də qarşılaşa bilərsiz.

Başınızı mənasız mövzularla, saxta yaradılan gündəmlərlə qatanlara alət olmayın. Sözünüzü virtual deyil, real deyin ki, nəticəsini görək. Yemək şəkillərini deyil, yeməyinizi paylaşın. Xəstə uşaqların şəklinə like deyil, qapı-qapı gəzib bircə manat yığın. Haqqınızı tapdalayan adamlara status həsr etməkdənsə, onların qarşısına keçin, sizin olanı alın, sizin olana toxunun.

Nə bilim, bəlkə də mən doğru düşünmürəm. Ötən bir il ərzində keçmiş facebook “fəaliyyətimə” nəzər salanda etdiyim yalnışları təəssüflə görürəm və dəyər verdiyim insanların bu kabusdan qurtulmasına ümidlə bu cümlələri dilə gətirirəm.

Sosial şəbəkə xalq deyil. Sosial şəbəkə kütlədir. Özünüzü kütlədən qoruyun. Kütlənin bir parçası olmaq artıq lazımsız olduğunun təntənəli elanıdır.

Virtual intihar etmək zamanıdır. Sizi özünə qapalı, depressiv, aqressiv edir, zombiləşdirir sosial şəbəkələr. Unutmayın, real intiharın səbəbləri də elə bu sadaladıqlarımdır. Sosial şəbəkələr insanların mənəvi faciəsidir. Hər gün bir iynənin ucu boyda daha çox reallıqdan uzaqlaşırsız, fəzada itib-batırsız. Cismimizi torpağa, ruhumuzu göylərə təslim etmədən əvvəl dünya üçün edə biləcəyimiz çox şeylər var. Tələsin, insanlar!

Sevinc ÇILĞIN

qaynar.info


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42815

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR