"Deməli, Cavidin cinayətdə əli yoxdur"

"Deməli, Cavidin cinayətdə əli yoxdur"
17:05 19 Dekabr 2015
35 İdman
Ölkə mətbuatı
A- A+

Milil.Az "Qəbələ" klubunun vitse-prezidenti Fariz Nəcəfovun  qol.az saytına müsahibəsini təqdim edir:

- Komandanız İdman Araşdırmalar Mərkəzinin keçirdiyi sorğuda ilin komandası seçildi. Ilk olaraq bununla bağlı təəssüratlarınızı bilmək istərdik

- "Qəbələ"yə səs verən hər kəsə təşəkkürümü bildirirəm. Düşünürəm ki, nəticəni ədalətli hesab etmək olar. Çünki "Qəbələ" bizim də gözləmədiyimiz bir uğura imza atdı.

- Qriqorçukun Ukrayna millisi ilə adı hallanandan sonra "Qəbələ", demək olar ki, qələbə üzünə həsrətdir.

- Hər oyundan sonra baş məşqçimizlə görüşüb söhbət etmişəm. Həmin məsələ ilə bağlı heç bir problem yoxdur. Hətta dəfələrlə oyunların analizində də şəxsən iştirak etmişəm. Əgər belə olmasaydı, əminliklə cavab verməzdim. Xal itirdiyimiz oyunlara baxanda görürük ki, bir neçə yüz faizlik qol epizodunda futbolçular dəqiq ola bilmirlər.

- Bəs bunun səbəbi nədir?

- Çox səbəb ola bilər. Yorğunluq da, psixoloji gərginlik də.  Amma mənə görə, yeganə səbəb bəxtsizlikdir. "Zirə" ilə oyunda boş qapıya top vura bilmədik. Rəqib qol vurana kimi cəmi bir normal  hücum edə bilmişdi. Əsas odur, səhvlərimizi gördük. Məqsədimiz yaxşı qış toplanışı keçmək, bəzi gedəcək futbolçuların yerinə daha yaxşılarını komandaya cəlb etməkdir.

- Komandadan kimlər ayrılacaq?

- George Floresku, Fakunda Pereyra, yerli futbolçulardan Vüqar Nadirovun gedəcəyi dəqiqdir. Baş məşçi ilə görüşəndən sonra daha kimlərin gedəcəyi tam bilinəcək.

- Komandaya yeni transferlər olacaq? Daha çox hansı mövqeyə futbolçu transfer etmək istəyirsiniz?

- Təbii ki, gedənlərin yerini dolduracağıq. Rahid Əmirquliyevlə maraqlanırıq. Cavid Hüseynovun da məlum cinayət işində təşkilatçılıq etməsinə dair maddə üzərindən götürülüb. Bu o deməkdir ki, Cavidin həmin cinayətdə iştirakı yoxdur. Ümid edirik ki, hazırda hansı maddə ilə həbsdədirsə, o da üzərindən götürülər və futbolçumuz geri dönər.

- Rahid Əmirquliyevlə danışıqlar aparılır?

- Rahid xarakteri olan oyunçudur. İstəyirik ki, komandamızda olsun. Bizi cəlb edən xüsusiyyətlərindən biri meydanda döyüşkən olmasıdır.

- Etiraf edək ki, son zamanlar "Qəbələ"də həqiqətən də döyüşkən futbolçuya ehtiyac var. Çünki komanda axır oyunlarda meydanda sanki sönük futbol oynayır.

- Komandamızda gərginlik var sadəcə. Hər itirilən xal futbolçulara psixoloji təsir edir. Çünki itirdiyimiz xallar bizi çempionluqdan ayırır. Razıyam, son vaxtlar "Qəbələ"də emosiya hiss olunmur. Sanki bütün emosiyalarını Avroliqa oyunlarında qoyublar. Edə biləcəyimiz tək şey son oyunumuzu yola verib futbolçuları hər tərəfli növbəti dövrəyə hazırlamaqdır.

- Əvəzedici komandanız turnir cədvəlində ilk pillədədir. Roman Qriqorçuk onların oyununu izləyir? Hansısa futbolçunu əsas komandaya cəlb etmək istəyirmi?

- Bəli, izləyir. Onlar arasından toplanışa aparacağı futbolçular da olacaq. Bizi sevindirən amillərdən biri də odur ki, bu gün akademiyamızın yetişdirdiyi futbolçulardan bəziləri Premyer Liqa klublarının əsas heyətində oynayır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/391584.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR